XƏBƏRLƏR

ADU-da “Folklorumuz dünən və bu gün: Novruz adətləri” adlı tədbir keçirilib

14 mart, 2018

Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Müqayisəli folklor elmi-tədqiqat laboratoriyası və Azərbaycan ədəbiyyatı kafedrasının birgə təşkilatçılığı ilə “Folklorumuz dünən və bu gün: Novruz adətləri” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müqayisəli folklor elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Həmidə Əliyeva bildirib ki, yazın gəlişini simvolizə edən Novruz xalqımızın əsrlər boyu yaşatdığı, nəsillərə ötürdüyü yaz bayramıdır: “Bu tədbirdə əsas məqsədimiz rəqslər, şeirlər, bayatılar vasitəsilə universitetimizdə təhsil alan əcnəbi tələbələrdə xalqımızın milli-mənəvi dəyərləri, Novruz bayramınının özünəməxsus adət-ənənələri, ayinləri barədə gözəl təəssürat yaratmaqdır. Biz papaq atma, qulaq falına çıxma, yumurta döyüşdürmə kimi oyunlar, mövsüm və mərasim nəğmələri kimi atributlarla xalqımızın bu bayrama yüksək dəyər verdiyini, hər il barışıq bayramı olaraq qeyd etdiyimizi də nümayiş etdiririk”.

AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov Novruzun xalq bayramı olmaqla yanaşı, mühüm folklor hadisəsi olduğunu deyib. O, Novruz bayramı haqqında istər mifoloji, istərsə də etnoqrafik baxımdan elmi ədəbiyyatda xeyli məlumat olduğunu bildirib və bayramın fəlsəfəsi, barışdırıcılıq missiyası barədə ətraflı çıxış edib.

Sonda Filologiya və jurnalistika fakültəsinin tələbələri AMEA-nın Folklor İnstitutunun “Qorqud” ansamblının müşayiəti ilə musiqili-ədəbi kompozisiya təqdim ediblər.