XƏBƏRLƏR

ADU-da 20 Yanvar faciəsi ilə əlaqədar sərgi təşkil olunub

19 yanvar, 2018
Yanvarın 19-da Azərbaycan Dillər Universitetinin (ADU) 2 saylı tədris binasında 20 Yanvar faciəsi ilə bağlı sərgi təşkil olunub. Sərgidə 20 Yanvar faciəsini əks etdirən fotolar, qəzet və jurnal materialları, kitablar nümayiş olunub. ADU-nun müəllim və tələbələri sərgiyə baş çəkib, ürək sözlərini bildiriblər. Kitabxananın bölmə müdiri Güllüzar Məmmədova qeyd edib ki, bu illər o dovrü yaşayan hər bir azərbaycanlının ömrünə əbədi həkk olunub: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus imperiyasının  illərlə bizə xilaskar ordu kimi tanıdılan ordusu qanunsuz olaraq Azərbaycanımızın paytaxtı Bakı şəhərinə yeridildi. O vaxt Qərbi Azərbaycanda yaşayan Azərbaycan türkləri öz dədə-baba torpaqlarından didərgin salınmışdı. Moskvanın ermənilərə havadarlıq etməsindən qəzəblənən Azərbaycan türkləri bu haqsızlıqlara qarşı mübarizə aparmaq üçün meydanlara çıxaraq etirazlarını bildirirdilər. Dayaqları laxlamış sovet imperiysı artıq yerlərdə öz etibarını  itirirdi. Moskvaya inamını itirmiş xalq isə bu quruluşdan azad olmaq istəyirdi. Azərbaycana yeridilən rus ordusunun rəhbəri general Yazova sual veriləndə ki niyə Bakıya qeyri-qanuni ordu yeritdiniz, o, demişdi ki, Azərbaycanda xalq hərəkatı qalib gəlirdi və bizim başqa çarəmiz yox idi. Məqsəd azadlıq arzusu ilə yaşayan bir xalqın arzusunu beşikdəcə boğmaq, milləti sındırmaq idi. Bax onda bütün xalq mübarizəyə qalxdı. Xalqımızın dəyərli övladları bu yolda canlarından keçib şəhid oldular. Ermənilərin havadarı olan azğın Qorbaçovun rəhbərliyi ilə Azərbaycana yeridilmiş rus qoşunları xalqın arzusunu boğub, sındıra bilmədi. Dəyərli övladlarımız şəhid olsa da, millətimiz azadlığına qovuşdu. Artıq müstəqil dövlətimiz və dövlət atributlarımız var. Qanlı Yanvar gününü isə ürək ağrısı, göz yaşları ilə xatırlasaq da, qəlbimizdə bir qürur hissi keçiririk. O gün bizim xalqımızın qəhrəmanlıq tarixinin zirvəsi idi”. O, qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə Ülvi Bünyadzadənin adına auditoriya açılıb, şəhidlərimizin qəhrəmanlığını əks etdirən sərgilər təşkil edilib: “Onları daima xatırlamaq bizim vətəndaşlıq borcumuzdur, çünki bu tarix  bir xalq olaraq qəhrəmanlığımızın zirvəsidir”.