XƏBƏRLƏR

ADU-nun baş müəllimi Sabir qəsəbə tam orta məktəbində nümunəvi dərs keçib

19 dekabr, 2017

Azərbaycan Dillər Universiteti (ADU) və Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi arasında elm və təhsil sahəsində birgə əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Dekabrın 11-də müqavilə çərçivəsində ABŞ Dövlət Departamenti ACCELS TEA Proqramının finalçısı Təhsil Nazirliyi tabeliyində olan orta məktəblərin Azərbaycan və rus bölmələri üçün II sinif ingilis dili dərsliyinin həmmüəllifi, Təhsil Nazirliyi SABAH qrupunun ingilis dili müəllimi, ADU-nun baş müəllimi Hüzurə Ağayeva ingilis dili müəllimlərinin metodiki və pedaqoji işlərinin təkmilləşdirilməsi üçün Sabir qəsəbə tam orta məktəbinə 5 günlük ezam olunub. Hüzurə Ağayeva məktəb müəllimlərinin dərslərdə qarşılaşdığı problemlərin aradan qaldırılması istiqamətində məsləhət və tövsiyələrini verib. O, qəsəbə məktəbinin ingilis dili müəllimlərinin dərslərini müşahidə etməklə yanaşı, dil müəllimləri ilə birgə həmin dərslərin müzakirəsini apararaq onlara kurikulum standartlarına uyğun dərs planlarınının tərtibatı, dərslərin təşkili, əlavə resurslardan istifadə və şagird fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı metodiki tövsiyələrini verib və məktəbin X sinfində nümunəvi dərs aparıb.

Dekabrın 16-da isə Şamaxı rayon Təhsil Şöbəsinin dəstəyi ilə Şamaxı məktəblərinin ingilis dili müəllimləri üçün seminar təşkil olunub. Seminarın əsas mövzusu tədris prosesi zamanı müəllimlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində görüləcək məsələlərlə bağlı olub. Qeyd edək ki, 2,3,6,9,10 saylı məktəblər, eləcə də THT lisey, İnşaatçı, Şəhriyar, Mədrəsə qəsəbə və Mərzəndiyə, Əngəxaran və Qaravəlli tam orta məktəbinin müəllimlərinin də iştirak etdiyi seminarda müəllimləri maraqlandıran suallar cavablandırılıb, təlim prosesi və müəllimin pedaqoji səviyyəsinin təkmilləşdirilməsi üçün aktiv diskussiya aparılıb.

Sonda maraqlı seminara görə məktəbin direktoru Gülnurə Babaşova məktəbin kollektivi, seminarda iştirak edən müəllimlərin adından təlimçi Hüzurə Ağayevaya dərin minnətdarlığını bildirib və belə təlimlərin davamlı olmasını istədiyini bildirib.