XƏBƏRLƏR

ADU-da “Multikulturalizm” jurnalının təqdimatı keçirilib

18 dekabr, 2017

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimat mərasimi keçirilib.

Multikulturalizm ETL-nin elmi işçisi, t.ü.f.d Əli Fərhadov “Multikulturalizm” jurnalı haqqında tədbir iştirakçılarına məlumat verib. Ə.Fərhadov Prezident İlham Əliyevin çıxışlarına diqqət çəkərək, multikulturalizmin Azərbaycanda sadəcə dövlət siyasəti olmadığını, eyni zamanda xalqımızın tarixən yaşatdığı bir ənənə olduğunu vurğulayıb.

Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Elmira Mustafayeva 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsinin multikulturalizm siyasətinin davamı olduğunu söyləyərək, jurnalın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. E.Mustafayeva jurnalın nəşr olunmuş hər üç sayından sitatlar gətirərək, maraqlı nüanslara toxunub.

“Multikulturalizm”  jurnalının baş redaktoru Fəxri Uğurlu çıxışında jurnalın Azərbaycanda əsrlərdən bəri formalaşan tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə vermək məqsədilə nəşr olunduğunu vurğulayıb. F.Uğurlu jurnalın 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən nəşr edildiyini diqqətə çatdıraraq, jurnalın rubrikaları və bölmələri haqqında tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb və mövzu üzərində diskussiya aparılıb.

Qeyd edək ki, jurnalın redaksiya heyətinə tanınmış dövlət və elm xadimləri, yazıçı və şairlər cəlb olunub. Beynəlxalq redaksiya şurasında Rusiya, ABŞ, Fransa, Almaniya, Türkiyə, Yaponiya, Braziliya, Portuqaliya, Finlandiya, İtaliya və başqa ölkələrin yazıçıları təmsil olunur.