XƏBƏRLƏR

ADU-da “XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib

15 dekabr, 2017

Dekabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) “XXI əsrdə Rusiya: dövlətçiliyin yeni modelinin formalaşması” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada universitetdə qonaq olan Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterov professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə A.Nesterov Rusiyanın dövlətçiliyinin formalaşmasında əsas rol oynayan faktorlardan danışıb. O, Rusiyanın iqtisadi, siyasi, demoqrafik baxımdan inkişafı haqqında məlumat verib. Rusiyanın xarici siyasəti haqqında danışan professor ölkənin digər dövlətlərə münasibətdə yürütdüyü siyasətdən bəhs edib.

Daha sonra A.Nesterov mövzu ilə bağlı universitetin professor-müəllim heyətinin suallarını cavablandırıb.

Dəyirmi masada iştirak edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla professor A.Nesterovu universitetdə görməkdən məmnun olduğunu bildirib. Tədbirdə vacib məsələlər haqqında fikir mübadiləsi aparıldığını deyən rektor A.Nesterovun dəyərli fikirlərini universitet heyəti ilə bölüşməsindən şad olduğunu deyib və növbəti görüşlərə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, ADU ilə B.Yeltsin adına Ural Federal Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən professor A.Nesterovun iştirakı ilə “Müasir Rusiyanın xarici siyasəti” haqqında ustad dərsləri, Rusiyaşünaslıq və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyalarının əməkdaşları və pedaqoji heyətlə görüşlər keçirilib. Professor, həmçinin ADU tələbələrinə “Avropa İttifaqının hüquqi əsasları” mövzusunda mühazirə oxuyub.