XƏBƏRLƏR

ADU-da “Multikulturalizm modelləri” adlı ikili açıq dərs keçirilib

23 noyabr, 2017

Noyabrın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyası və Fəlsəfə və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə “Multikulturalizm modelləri” adlı ikili açıq dərs keçirilib.

Universitetin professor-müəllim heyəti və Filologiya və jurnalistika fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şükufə Cabarova “Amerika, Kanada və Avstraliyada multikulturalizm modelləri” adlı təqdimatla çıxış edib. O, adıçəkilən ölkələrdə multikulturalizm siyasətinin oxşar və fərqli cəhətləri, eyni zamanda bu ölkələrin əhalisinin etnik, dil və din tərkibi haqqında ümumi məlumat verib. XX əsrin ortalarından başlayaraq Amerikada vətəndaşlıq hüququ uğrunda müxtəlif hərəkatların baş qaldırdığını söyləyib, 1960-cı illərdə isə Kanadada artıq multikulturalizm anlayışının yarandığını diqqətə çatdırıb.

Daha sonra Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri dosent İrina Kunina “Multikulturalizm modelləri” adlı təqdimatında dünyada baş verən siyasi dəyişikliklər, qloballaşma və miqrasiyanın nəticələrindən bəhs edib. O, multikulturalizm siyasətindən imtina edən Fransa, Almaniya və digər Avropa ölkələrinin bu siyasəti dəstəkləməmə səbəbləri haqqında məlumat verib. İ.Kunina müxtəlif sosial amillərə əsaslanan multikultural cəmiyyətin formalaşması və inkişafı, müasir dünyada müxtəlif etnik tərkibə malik ölkələrin bu siyasətə olan münasibətindən danışıb.