ADU-da tərcüməçi Qurban Ələkbərovla görüş keçirilib
Noyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Alman dili ixtisaslı müəllim və tələbələrinin təşəbbüsü ilə Almaniyada yaşayan həmyerlimiz, tərcüməçi, fəlsəfə doktoru Qurban Ələkbərovla görüş keçirilib.
Açılış nitqi ilə çıxış edən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı, fil.f.d. Bənövşə Məmmədova professor-müəllim heyətinə, tələbələrə Q.Ələkbərovun tərcüməçilik fəaliyyətindən bəhs edib.
Daha sonra tələbələrin, professor-müəllim heyətinin suallarını cavablandıran tərcüməçi Almaniyadakı elmi fəaliyyətindən danışıb, Berlində təhsil alan azərbaycanlı tələbələr və elmi işçilər barəsində geniş məlumat verib.
Eyni zamanda Q.Ələkbərov Almaniyada fəaliyyət göstərən “AATEİB” birliyindən də söz açıb. O, sözügedən birliyin Almaniyada təhsil alan və müxtəlif sahələr üzrə elmi işlərlə məşğul olan azərbaycanlı gəncləri birləşdirmək məqsədi daşıdığını və qeyri-siyasi təşkilat olduğunu söyləyib:
“AATEİB təşkilatının əsas məqsədi Almaniyada təhsil sahəsində çalışan azərbaycanlı gənclər arasında əlaqə yaratmaq, elmi mövzularda təşkil edilmiş görüşlərdə fikir mübadiləsinin və bu mövzularda alman tərəfinin iştirakının təşkili, Almaniyada əldə edilmiş bilik sayəsində mütərəqqi təhsilin və elmi nailiyyətlərin Azərbaycana transferi məsələləri, təhsildə və elmdə böyük uğur qazanmış gənclərin üzə çıxarılması, Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulması və mövcud olanların möhkəmləndirilməsinə çalışmaq, Almaniya gəncləri və həmçinin burada təhsil alan, başqa ölkələrdən gəlmiş tələbələrlə mədəni əlaqələrin qurulmasından ibarətdir”.
Q.Ələkbərov ölkəmizin Almaniya Federativ Respublikasındakı səfirliyinin orada təhsil alan azərbaycanlı tələbələrə böyük dəstək verdiyini və ali məktəblər arasında ikitərəfli əlaqələrin qurulmasında böyük rol oynadığını vurğulayıb.
Görüşdə ADU-nun professor-müəllim heyəti və tələbələrlə tərcüməçilik mövzusunda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Q.Ələkbərov 2006-cı ildə Almaniya Federativ Respublikasının Kil əyalət məhkəməsinin andlı məhkəmə tərcüməçiləri (Azərbaycan və rus dilləri üzrə) siyahısına qəbul edilib. Həmin ilin noyabr ayında Şlezviq şəhərində yerləşən baş əyalət məhkəməsi ona Azərbaycan dilindən alman dilinə və əksinə sənədləri tərcümə etmək, eyni zamanda rəsmiləşdirmək səlahiyyəti verib. 2008-2010-cu illərdə tərcüməçiyə Azərbaycan və rus dilləri üzrə andlı və səlahiyyətli məhkəmə və notarial tərcüməçi lisenziyası təqdim edilib. 2001-ci ildən etibarən Q.Ələkbərov Almaniyada bir sıra tərcümə bürolarının əməkdaşı kimi fəaliyyət göstərir.