XƏBƏRLƏR

ADU-da Bakıda keçiriləcək Elm üzrə II Beynəlxalq Konfransın təqdimatı keçirilib

14 noyabr, 2017

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı və “Bilim evi” təşkilat komitəsinin təşəbbüsü ilə  Bakıda keçiriləcək Elm üzrə II Beynəlxalq Konfransın təqdimat mərasimi keçirilib.

Tədbirdə “Bilim evi” təşkilat komitəsinin Azərbaycan filialının rəhbəri Kamal Shayegh Kondroud ADU-nun professor-müəllim heyəti və tələbələrinə konfrans haqqında ətraflı məlumat verib. K.S.Kondroud konfransda  biznes və iqtisadiyyat, təhsil, mühəndislik, texnologiya, sağlamlıq, hüquq, regional araşdırmalar və digər mövzularda elmi məruzələrin təqdim ediləcəyini söyləyib, eyni zamanda konfrans barədə məlumatları özündə əks etdirən sayt barədə çıxış edib: “Müxtəlif universitetlərdən olan nümayəndələrin iştirak edəcəyi konfransda yeni məlumatlar əldə etmək mümkün olacaq və konfransın sonunda məruzəçilərə beynəlxalq sertifikatlar təqdim olunacaq”.

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti, Yohannesburq Universiteti və Svabi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 25 fevral 2018-ci ildə “Hilton” hoteldə baş tutacaq.