ADU-nun rektoru Kamal Abdulla Perunun müvəqqəti işlər vəkili ilə görüşüb
Noyabrın 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Perunun ölkəmizdəki müvəqqəti işlər vəkili Luis Çanq Boldrinini qəbul edib.
Diplomatı universitetdə görməkdən məmnunluğunu bildirən rektor ADU tələbələrinin ispandilli ölkələr barədə məlumatlı olduğunu söyləyib: “Biz Peru barədə də məlumatlı olmağın yolunu sizinlə ünsiyyət qurmaqda görürük. Ümid edirəm ki, Peru universitetləri ilə əlaqələrin yaradılmasında bizə kömək edəcəksiniz”.
K.Abdulla qonağa Azərbaycan multikulturalizmi barədə də ətraflı məlumat verib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini deyən rektor multikulturalizmin ölkəmizdə dövlət siyasəti olduğunu vurğulayıb. O, bildirib ki, dünyada Azərbaycanın dostları həm ayrı-ayrı şəxslər, həm də ölkələrin timsalında çoxalır. Rektor ümid etdiyini bildirib ki, Peru da Azərbaycanın dostları sırasındadır.
K.Abdulla dünyanın 20-yə yaxın ölkəsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, əgər Peruda bu fənnin tədrisi üçün universitet təklif edilərsə, ADU bu təklifi məmnuniyyətlə dəyərləndirəcək. K.Abdullanın sözlərinə görə, bu fənni öyrənən tələbələr təkcə Azərbaycan haqqında deyil, region haqqında ümumi təsəvvürə malik olacaqlar. Digər bir maraqlı cəhət odur ki, Peruya göndərilən mütəxəssis həmin ölkənin mütəxəssisləri ilə Azərbaycan arasında daha sıx əlaqələrin yaranmasına kömək edə bilər: “Bu bizə perulu tələbələrin Azərbaycana gəlməsinə, azərbaycanlı tələbələrin isə Peruya getməsinə kömək etmiş olar. Layihə işə düşərsə, alimlər və tələbələr arasında çox sıx ünsiyyət yarana bilər”.
Öz növbəsində Luis Çanq Boldrini bildirib ki, ADU-ya gəlişindən şərəf duyur: “Burada olmaqla göstərmək istəyirəm ki, bu gəlişim universitetlər arasındakı əlaqələrin başlanğıcı olacaq. Gənclik cəmiyyətdə çox böyük əhəmiyyətə malikdir. Ona görə də universitetlərdə tələbələrlə görüşlərin təşkili fərəhvericidir”. Azərbaycanla Perunun oxşar cəhətlərə malik olduğunu deyən diplomat bildirib ki, Azərbaycan çox tolerant ölkədir. Onun sözlərinə görə, Azərbaycanda ADU kimi bir ali məktəbin olması da tolerantlıq göstəricisidir.
Müvəqqəti işlər vəkili “Azərbaycan multikulturalizmi” fənninin Peruda tədrisi barədə təklifi böyük maraqla qarşılayıb. O, qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin daha sıx olmasına gətirib çıxara bilər. Diplomat əlavə edib ki, bu istiqamətdə işlərə tələbə-müəllim mübadiləsi ilə başlamaq mümkündür.
Daha sonra diplomat ADU-nun “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb və ölkəsi barədə təqdimatla çıxış edib.