XƏBƏRLƏR

ADU-da “Hindistanın konstitusiya hüququ” mövzusunda seminar keçirilib

03 noyabr, 2017

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Hindi dili və mədəniyyəti mərkəzinin “Hindistan olduğu kimi” layihəsi çərçivəsində seminar keçirilib. “Hindistanın konstitusiya hüququ” mövzusuna həsr edilən seminarda universitetin Hindistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.

Seminarda açılış nitqi ilə çıxış edən Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Sevda Tağıyeva Hindistanın konstitusiya hüququnun mahiyyəti bərədə danışıb.  O, qeyd edib ki,  1947-ci ildə Hindistanın müstəqilliyinin elan olunması tarixən formalaşmış dünyəvi hüquq sisteminin daha da inkişaf etdirilməsi və əvvəlki hüquq və qanunvericilik konsepsiyasının möhkəmlənməsi ilə nəticələnib. S.Tağıyeva həmçinin Hindistan konstitusiyasının yaranma tarixi, onun prinsip və müddəaları, özünəməxsus cəhətləri, orada təsbit olunan hüquq və azadlıqlardan bəhs edib, prezidentin səlahiyyətləri, parlamentin fəaliyyəti və xalq hakimiyyəti barədə ətraflı məlumat verib.

Regionşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhmən Əliyev ingilis siyasi dairələri arasında gedən mübarizə nəticəsində formalaşan Hindistan konstitusiyasının Avropa hüquq sisteminə əsaslandığını vurğulayıb. Onun sözlərinə görə, 1613-cü ildə Hindistanda Ost-Hind şirkətinin ilk manufakturalarının yaranması ilə bu ölkənin ingilislər tərəfindən işğal prosesi genişlənib, amma leyboristlərin hakimiyyətə gəlişi ilə Hindistanın müstəqillik əldə etməsi sürətlənib. B.Əliyev daha sonra Hindistanda mövcud olan ştatlar, ilk milli partiyalar, milli azadlıq hərəkatı və Nehru konstitusiyası ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.