XƏBƏRLƏR

ADU-da “Çin mətbəxi” mövzusunda master-klass keçirilib

18 oktyabr, 2017

Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin mətbəxi” mövzusunda master-klass keçirilib.

Tədbirdə məşhur Çin mətbəxinin yeməklərini hazırlayan Çin aşpazları məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıb, eyni zamanda Çin mətbəxinin vacib prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Çin aşpazlarının sözlərinə görə, Çin ənənəsinə əsasən qida yalnız dadlı və faydalı deyil, hətta müalicəvi də olmalı, qidanı qəbul prosesi isə hər zaman millətin mədəniyyəti ilə tanış olmaq anı kimi qəbul edilməlidir.

Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov tarixi üç min ildən çox olan Çin mətbəxi ənənələri və fəlsəfəsi haqqında danışıb. O,  Konfutsi İnstitutu ilə Milli Kulinariya Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalandığını və bu müqavilənin əsas məqsədinin hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpazlar və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu deyib.

Qeyd edək ki, master-klassda əsasən dəniz məhsulları, ət, ənənəvi desertlər, həmçinin, şəkərli alma, imperatorsayağı cücə, siçuan istiotu ilə qızardılmış mal əti və  Çin mətbəxinin digər nümunələri tədbir iştirakçılarına təqdim olunub.