XƏBƏRLƏR

ADU-da Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

09 oktyabr, 2017

Oktyabrın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyasının təşkilatçılığı ilə Auditoriya+ proqramı çərçivəsində  filologiya elmləri doktoru, şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş “Şərq-Qərb əlaqələrinin multikultural tədqiqi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektorunun elm və təhsil məsələləri üzrə müşaviri, filologiya elmləri namizədi Seyfəl Həsənov müasir Azərbaycanda multikultural mühitin formalaşmasında əhəmiyyətli rolu olan Aida İmanquliyevanın şərqşünaslıq elminə və dünya ədəbiyyatına önəmli töhfələr verdiyini iştirakçıların diqqətinə çatdırıb: “Azərbaycanın elm tarixində əhəmiyyətli rolu olan görkəmli alim Aida İmanquliyeva istedadlı şəxsiyyət və ictimai xadim kimi Azərbaycan ədəbiyyatında,  eyni zamanda fəlsəfi təfəkküründə dərin iz qoyub. Bildirmək istərdim ki, Aida İmanquliyeva qısa həyat sürməsinə baxmayaraq, öz həyatını xalqının tarixinin, adət-ənənələrinin dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək dəyərli ictimai xadim kimi yadda qalıb”.

Müasir dövrdə multikulturalizmin ölkəmizin inkişafı və sağlam vətəndaş cəmiyyətinin formalaşmasında müstəsna rolunun olduğunu söyləyən ADU rektorunun multikulturalizm məsələləri üzrə müşaviri, iqtisad elmləri doktoru Çeşmi Hacıyeva Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevin 2016-cı ilin «Multikulturalizm ili» və 2017-ci ilin «İslam həmrəyliyi ili» elan olunması haqqında imzaladığı sərəncamların multikulturalizmin xalqımızın həyat tərzi olduğunu göstərdiyini qeyd edib. O, Aida İmanquliyevanın keçmiş və müasir dövrün dərin fəlsəfi təfəkkürü arasındakı gözəgörünməz əlaqələri üzə çıxarmağa nail olduğunu və onun elmi irsinin Azərbaycanın ərəb ölkələri ilə yaxınlaşmasında, dövlətlər arasında beynəlxalq – multikultural münasibətlərin inkişafında mühüm rol oynadığını sözlərinə əlavə edib.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ərəb filologiyası şöbəsinin müdiri professor Vilayət Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov və digər çıxış edənlər Aida İmanquliyevanın tədqiqatlarının əsas istiqamətləri, ədəbiyyatda multikultural dəyərlərin araşdırılması mövzularında mühazirələr oxuyub.