XƏBƏRLƏR

ADU-nun müəllimi İsveçdə beynəlxalq kitab festivalında iştirak edib

06 oktyabr, 2017

Azərbaycan Dillər Universitetinin (ADU) Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimov 28 sentyabr – 2 oktyabr tarixlərində İsveçin ikinci böyük şəhəri olan Höteborq şəhərinin sərgi mərkəzində təşkil edilən beynəlxalq kitab festivalında iştirak edib.

Festivalda A.Rəhimovun Norveç dilindən dilimizə tərcümə etdiyi iki əsər haqqında da müzakirələr keçirilib. Bunlardan biri məşhur Norveç yazarı Daq Sulstadın “Həya və Dəyər”, digəri isə daha bir tanınmış Norveç yazarı Roy Yakobsenin “Görünməzlər” əsəri olub.

Tədbirdə ədəbiyyata və akademik yazıya aid seminarlar, məruzələr və yeni nəşrlər haqqında dəyirmi masalar təşkil edilib. Bundan başqa Skandinaviya ölkələrində yeni çap olunmuş maraqlı kitabların, eləcə də bu dillərdən başqa dillərə yenicə tərcümə olunan kitabların təqdimat mərasimi də keçirilib.

Qeyd edək ki, Norveç ədəbiyyat Komitəsinin isveçli həmkarları ilə birlikdə təşkil etdiyi və 4 gün davam edən kitab festivalında şimal ölkələrinin universitetlərinin professor-müəllim heyəti, jurnalistləri, yazarları, tərcüməçiləri və ədəbi agentləri də iştirak edib. Festivalın son günündə yazıçılar yeni kitablarını təqdim edib və oxucular üçün imza mərasimi təşkil olunub.