ADU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 iyun, 2017
İyunun 14-də Azərbaycan Dillər Universitetində (ADU) 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə “Azərbaycan dövləti multikulturalizm və tolerantlığın qarantıdır” mövzusunda seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının faktiki olaraq ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını qeyd edib. O, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan siyasətini həmin dəst-xətt, ahəng, üslub, siyasi cəsarət, gələcəyə nikbin, aydın baxışlar və düzgün hədəflərlə Prezident İlham Əliyevin çox böyük cəsarətlə həyata keçirdiyini sözlərinə əlavə edib. Ulu öndərin bir çox qayıdışlara imza atdığını söyləyən K.Abdulla onun hakimiyyətə gəlişindən sonra mənəvi, siyasi və iqtisadi sahələrdə inkişaf yarandığını, bu inkişaf meyllərinin Prezident İlham Əliyevin fəaliyyətində də əsas olduğunu bildirib.
K.Abdulla ADU-nun gözəl ənənələrinin və potensialının olduğunu bildirərək Azərbaycanın multikultural inkişaf yolunda universitetin üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib. Çıxışının sonunda K.Abdulla 15 iyun tarixinin fəxr, vüqar və əzəmət günü olduğunu söyləyərək tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov “Azərbaycan multikulturalizmi” dərsliyi haqqında ümumi məlumat verib. O, Azərbaycan multikulturalizmini həm ölkə daxilində, həm də ölkə xaricində təbliğ edən bu kitabın elm tarixinə öz möhürünü vura biləcəyini, eyni zamanda kitabın dərslik kimi güclü bir mənbə olduğunu qeyd edib.
Tədbirdə ADU-nun Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva “Azərbaycanda yaşayan azsaylı xalqların Azərbaycan cəmiyyətinə düzgün inteqrasiyasında Heydər Əliyevin siyasəti”, Psixologiya kafedrasının baş müəllimi Misgər Məmmədov “Ümummilli lider Heydər Əlievin hakimiyyətə qayıdışı, xalqın ona olan inam və etibarı”, Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə “Azərbaycan multikulturalizminin dünyada təbliği”, Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva “Müstəqillik dövründə multikulturalizm siyasəti və Azərbaycanda davamlı inkişaf”, Ümumi dilçilik kafedrasının professoru Həbib Zərbəliyev isə “İndoneziya universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisi” mövzusunda mühazirə ilə çıxış ediblər.
Tədbir müzakirələrlə yekunlaşıb.