XƏBƏRLƏR

ADU-nun rektoru Kamal Abdulla Norveçin səfiri ilə görüşüb

13 iyun, 2017
İyunun 13-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Norveçin Azərbaycandakı səfiri Bard İvar Svendsenlə görüşüb. Qonağı salamlayan rektor K.Abdulla  ADU-nun Norveçlə əlaqələrinə görə səfirə təşəkkür edib və bu əlaqələrin daha da genişlənəcəyini vurğulayıb. O, universitetdəki Skandinaviya Mərkəzinin fəaliyyəti haqqında məlumat verərək ADU vasitəsilə Norveçlə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. B.İ.Svendsenə “Səfir saatı” layihəsi  haqqında məlumat verən rektor onu universitet tələbələri ilə daha geniş ünsiyyət qurmaq üçün mühazirə oxumağa dəvət edib. Rektor K.Abdulla Skandinaviya Mərkəzinin Azərbaycanda yeganə Norveç mərkəzi olduğunu bildirib və Oslo və ya digər Norveç universitetlərinin birində Azərbaycanı öyrənən mərkəzin yaradılmasını təklif edib. “Niyə Norveçdə də Azərbaycan dili və mədəniyyəti Mərkəzi olmasın? Bizim də deyəcəyimiz sözlər var”-deyən rektor K.Abdulla Azərbaycan mədəniyyətinin təbliğinin təkcə seçilən universitetdə deyil, bütün Norveç ictimaiyyəti tərəfindən maraqla qarşılanacağına ümid etdiyini vurğulayıb. K.Abdulla Azərbaycan dilinin ayrıca öyrənilməsinin vacibliyini söyləyib. O, saqalar və  “Kitabi-Dədə Qorqud”un birgə öyrənilməsini təklif edərək mifologiyanın öyrənilməsi istiqamətində əməkdaşlığı zaman keçdikcə genişləndirməyin mümkün olduğunu söyləyib. Azərbaycanda multikulturalizm ənənələri barədə geniş söz açan rektor K.Abdulla 2016-cı ilin “Multikulturalizm ili” elan olunması faktının məhz tarixi keçmişə söykəndiyini vurğulayıb. Səmimi qəbula görə təşəkkür edən səfir B.İ.Svendsen universitetlə əməkdaşlıqdan məmnunluğunu bildirib. O, Norveç dili və mədəniyyətinin öyrədilməsi baxımından ADU-nun  xüsusi rola malik olduğunu, universitetdə fəaliyyət göstərən Skandinaviya Mərkəzinin mühüm işlər gördüyünü və təcrübəli kadrlara malik olduğunu qeyd edib. Səfir burada tələbələrə verilən təhsilin keyfiyyətindən razı olduğunu da sözlərinə əlavə edib. “Biz bu mərkəzin uğurlu fəaliyyətində maraqlıyıq” –deyən B.İ.Svendsen Norveç dilinin dünyada geniş yayılmadığını bildirib. Diplomat bu dili öyrənən tələbələrin ölkəsinə səfər etməsinin əhəmiyyətindən söz açıb. O, “Səfir saatı”nda mühazirə oxumaq dəvətini məmnuniyyətlə qəbul etdiyini, Azərbaycan dili və mədəniyyətinin Norveçdə təbliği ilə bağlı ölkəsinin universitetləri ilə əlaqə yaradacağını vurğulayıb. Görüşdə gələcək əməkdaşlıq perspektivləri ilə bağlı digər  məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.