ADU-da Respublika Gününə həsr olunmuş tədbir keçirilib
26 may, 2017
Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 28 May-Respublika Gününə həsr olunmuş iki hissəli tədbir keçirilib.
Tədbirin mahiyyətindən danışan tələbələr 1918-ci ildə müsəlman Şərqində ilk dəfə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətlərindən və ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini əldə edən xalqımızın Ümummilli lideri Heydər Əliyevin əzmi və müdrik siyasəti ilə keçdiyi böyük inkişaf yolundan bəhs ediblər.
Tədbirin birinci hissəsində Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin 258-ci qrup tələbəsi Qurban Qurbanovun ssenarisi əsasında hazırlanmış vətənpərvərlik mövzusunda tamaşa nümayiş olunub.
Daha sonra isə universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Musiqi klubunun təşkil etdiyi “The Voice of AUL” layihəsinin yekun mərhələsi keçirilib. Tanınmış müğənnilər Firuzə İbadova, Yaqut Babayeva və İntiqam Kərimovun münsifliyi ilə nəticələrə əsasən müvafiq yerlər bəlli olub. Müsabiqədə iştiraklarına görə üç tələbəyə həvəsləndirici mükafat, digər ilk üç yerin qaliblərinə isə diplomlar təqdim olunub.
Qeyd edək ki, birinci yeri tələbə Nəzrin Qiyasbəyli tutub.