XƏBƏRLƏR

ADU-da “Dünyanı sülhə və məhəbbətə çağırış”

11 may, 2017
Mayın 11-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitovanın təşəbbüsü, həmin kafedranın müəllimi Pərvin Mürsəlovanın təşkilatçılığı ilə “Dünyanı sülhə və məhəbbətə çağırış” adlı tədbir keçirilib. “Barış, sülh və əmin-amanlıq” mövzusunda keçirilən tədbiri Filologiya və jurnalistika fakültəsinin 333 a və b qrup tələbələri ingilis dilində hazırlayıb. Tədbirdə tələbələrin Amerika ədəbiyyatında multikulturalizm mövzusunda yazan yazıçılar haqqında hazırladığı süjetlər nümayiş olunub. Tələbələrin təqdimatında multikulturalizm mövzusunda yazan yazıçı Maya Anjeludan sitatlar səslənib, sülh və barışla bağlı mahnı ifa olunub. Tələbələr hər kəsi sülhə, barışa, gözəlliyə və mənəvi dəyərlərə sahib olmağa səsləyib. Sonda universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev seçilən mövzunun çətinliyinə baxmayaraq xoş təəssürat aldığını, tədbirin təqdirəlayiq olduğunu bildirib.  Hazırlanan tədbir vasitəsi ilə tələbələrin dərsi daha yaxşı mənimsədiklərini vurğulayan professor, onların mükafatlandırılacağını qeyd edib. O, tələbələr tərəfindən irəli sürülən milli-mənəvi dəyərlərlə bağlı ideyaların rəhbərlik tərəfindən rəğbətlə qarşılandığını və onların reallaşdırılması istiqamətində hər zaman dəstək olunacağını vurğulayıb.