XƏBƏRLƏR

ADU-nun Linqvokulturologiya kafedrasında İELTS təlimləri

13 mart, 2017
Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının professor-müəllim heyəti beynəlxalq dil kursuna başlayıb. Belə ki, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevanın təşkilatçılığı ilə İELTS təlimləri keçirilir. Bu iş kafedranın peşəkar müəllimlərindən olan Dinarə Muxtarovaya həvalə edilib. 7 fevral 2017-ci il tarixdən başlayaraq hər gün Linqvokulturologiya kafedrasında professor-müəllim heyətinin iştirakı ilə beynəlxalq dil kursu keçirilir. Kafedrada IELTS (“International English Language Testing System”) kursunun texnikaları müzakirə olunur və fikir mübadiləsi aparılır. Bildiyimiz kimi, (İELTS) beynəlxalq dil səviyyəsinin yoxlanılması sistemi  dörd (4) hissədən ibarətdir. Buraya Reading (oxu), Writing (yazı), Listening (dinləmə) və Speaking (danışıq) səviyyələrinin yoxlanılması sistemləri daxildir. Bütün bunları nəzərə alaraq, kafedranın baş müəllimi Dinarə Muxtarova hazırladığı təqdimatlarla göstərilmiş hər bir bölmənin strategiya və texnikaları ilə müəllimləri tanış edir, onların fikir və təkliflərinə münasibət bildirir.