XƏBƏRLƏR

ADU-da Martişor bayramı qeyd olunub

01 mart, 2017
Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU)  Rumıniya və Moldova respublikalarının Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə hər iki ölkənin milli bayramı olan Bahar Günü-Martişor bayramı  qeyd olunub. ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, Rumıniya və Moldova respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərini bayram münasibəti ilə təbrik edib və bayramın hər iki ölkəyə uğur gətirəcəyinə ümid etdiyini sözlərinə əlavə edib.  Professor Ə.Abdullayev Azərbaycanda da yazın gəlişinin təntənəli şəkildə qeyd olunduğunu bildirib və milli bayramımız olan Novruz bayramı haqqında qonaqlara məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya səfərləri haqqında da söz açıb və ölkələrarası əlaqələrin xüsusi əhəmiyyət kəsb etdiyini sözlərinə əlavə edib. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. O, Azərbaycan Dillər Universitetinin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu qeyd edərək Martişor bayramının ilk dəfə olaraq məhz bu universitetdə keçirilməsinə şərait yaratdığı üçün ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü çatdırıb. Martişor bayramı haqqında qonaqlara məlumat verən səfir bu bayramı rumıniyalıların necə böyük həvəslə qeyd etdiklərindən danışıb. O, eyni zamanda Martişoru Novruz bayramı ilə müqayisə edib. Səfir Dan İanku Martişor bayramının xalqların növbəti illə bağlı ümidlərini əks etdirdiyini vurğulayıb. Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuka sözügedən bayram haqqında danışıb və onun  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. Səfir bu bayramın Moldovada yazın qarşılanmasını əks etdirən ənənəvi bayram olduğunu deyib.  O, Martişor ilə Novruz bayramını müqayisə edərək  Moldovada 5 minlərlə azərbaycanlının yaşadığını  və onların  artıq bu bayrama hazırlaşmağa başladıqlarını sözlərinə əlavə edib. Sonda tədbir iştirakçılarına qırmızı və ağ iplərdən hazırlanmış martişorlar paylanılıb. Daha sonra qonaqlar bayramla bağlı hazırlanmış sərgi ilə tanış olublar.