ADU-da Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidentinin 8 dekabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq, universitetin Sosial elmlər kafedrasının təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə “Görkəmli alim Aqil Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında rolu” mövzusunda dəyirmi masa keçirilib.
Açılış nitqi ilə çıxış edən kafedra müdiri, dosent Ədalət Abdiyeva dəyirmi masanın mahiyyətindən danışarkən görkəmli alimin əsərlərinin Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib. Kafedranın dosenti Şəfəq Abdullayeva çıxışı zamanı görkəmli elm xadimi, professor Aqil Əliyevin “Sosial sferanın iqtisadi metodoloji əsasları”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur” monoqrafiyaları, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi”, “Səhiyyənin iqtisadiyyatı”, “Demokratikləşmə milli iqtisadiyyatımızın inkişafının əsasıdır” və s. əsərləri haqqında məlumat verib.
Kafedranın dosenti Zərifə Hüseynova və həmin kafedranın professoru Məhəmməd Teymurlu isə professor Aqil Əliyevin müxtəlif sahələrdə göstərdiyi misilsiz xidmətlərdən danışıblar.
Qeyd edək ki, Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olub, 2006-cı il martın 8-də isə Bakı şəhərində vəfat edib. Onun məzarı Fəxri Xiyabandadır.