Xocalı həqiqətləri Çin dilində
Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu faciə haqqında həqiqətlərin dünyaya yayılmasının vacibliyini vurğulayıb. Beynəlxalq ictimaiyyət tərəfindən Xocalı soyqırımının tanınması üçün Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük işlər gördüyünü qeyd edən professor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasından da danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov Xocalı soyqırımının tarixi haqqında məlumat verib və soyqırımının tanınması üçün beynəlxalq ictimaiyyətin səylərinin intensivləşdirilməsinin vacibliyini qeyd edib.
ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əli oğlu müəllifi olduğu “ Xocalı” poemasından bir parça səsləndirib.
Sonda Çin dilində Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib.