XƏBƏRLƏR

ADU-nun tələbələri Xarici İşlər Nazirliyində olublar

28 aprel, 2017
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya və Jurnalistika fakültəsinin 1-ci kurs tələbələri ilə görüşüb. Görüş Xarici İşlər Nazirliyinin binasında baş tutub. Əvvəlcə Hikmət Hacıyev tələbələri XİN-in muzeyi ilə tanış edib, Azərbaycan diplomatiyasının zəngin tarixini əks etdirən arxiv materialları, sənədlər və fotoşəkillər barədə ətraflı məlumat verib. Daha sonra görüş nazirliyin mətbuat konfransında davam edib. H.Hacıyev özü haqda və təmsil etdiyi qurumun informasiya siyasəti haqqında da geniş söz açıb. Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli və fakültənin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Fəridə Səfiyeva öz təcrübəsini bölüşəcəyi üçün H.Hacıyevə minnətdarlığını bildiriblər. Onlar “PR texnologiyası və jurnalistika” fənnini tədris edən Nərgiz Cavadzadənin təşəbbüsü ilə baş tutan görüşün tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Öz növbəsində, XİN-in mətbuat katibi H.Hacıyev tələbələrlə görüşdən məmnunluğunu bildirib, ölkə daxilində və xaricində baş verən hadisələrə jurnalistlərin təsiri, jurnalist-mətbuat xidmətləri münasibətlərinin tənzimlənməsi, ekstremal vəziyyətlərdə onlayn media resursları ilə iş və sair barədə danışıb. Eyni zamanda rəqəmsal diplomatiya, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan diplomatik danışıqların perspektivi haqda məlumat verib. Mühazirə diskussiya şəklində davam edib və beynəlxalq jurnalistika ixtisası üzrə təhsil alan 140-cı qrupun tələbələrinin çoxsaylı sualları ilə başa çatıb. Qeyd edək ki, 2000-ci ildən Xarici İşlər Nazirliyində çalışan H.Hacıyev qurumun Təşkilatlar və Təhlükəsizlik Problemləri idarələrində, Azərbaycanın NATO yanında nümayəndəliyində, Küveyt və Misirdəki səfirliklərində çalışıb. O, 2014-cü ildən XİN-in mətbuat xidmətinin rəhbəridir.