XƏBƏRLƏR

Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi – Ulu Öndərin anadan olmasından 99 il ötür

10 may, 2022

Müasir Azərbaycan tarixinin bütöv bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində əbədi və dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır. Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat və idarəetmə təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirib. Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsinin ucalığı illər ötdükcə daha aydın görünür.

Ulu Öndərin çox zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Hər il mayın 10-da xalqımız dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının ildönümünü böyük ehtiramla qeyd edir, bu dahi insanla bağlı xatirələr bir daha dilə gəlir. Müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər bizi Heydər Əliyevli günlərə qaytarır.

AZƏRTAC-ın arxivində hər birimiz üçün doğma və əziz olan Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən minlərlə nadir fotoşəkil qorunur. Bu fotolar əsasında hazırlanmış xüsusi layihəni təqdim edirik.

              

    Naxçıvanın ucqar kəndində, sadə bir ailədə dünyaya göz açmış Heydər Əliyev böyük vəzifələrdə çalışmasına baxmayaraq, dəbdəbədən uzaq, sadə bir həyat yaşayıb. Respublikanın rəhbəri Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli alim Zərifə xanımın ailəsi adi azərbaycanlı ailəsindən o qədər də fərqlənmirdi.

 

Heydər Əliyev hələ gənc yaşlarından yüksək vəzifələr tutub, 1969-cu ildən başlayaraq çiyinlərində bütün ölkənin yükünü daşıyıb. İşin çoxluğuna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. Ailə albomundakı fotolardan biri çox uzaq keçmişə aiddir. Biz bu fotolarda onu ömür-gün yoldaşı Zərifə xanımla yanaşı, övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük.

  

 

 

Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanaraq uzaq üfüqlərə baxırlar. İllər arxasından sanki bugünkü modern, dinamik inkişaf edən, ərazi bütövlüyünü bərpa etməyə nail olan Azərbaycanı görürlər. Prezident İlham Əliyev 19 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır...

    

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. İllər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Həmin an 17 ildən sonra – 2020-ci ilin noyabrında yetişdi. Heydər Əliyevin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

 

 

  

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçiləndən sonra dəyişməyə başladı.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə ölkəmizdə görünməmiş canlanma və inkişaf yarandı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar - “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir.

Respublikanın əvvəlki rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev bölgələrə mütəmadi səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problemləri və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı. Aşağıdakı fotolar bizi xəyalən həmin illərə qaytarır.

  

  

   

  

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi.

AZƏRTAC-ın arxivindəki həmin dövrə aid fotolarda siyasi büronun üzvü, SSRİ hökumətində ikinci şəxs olan Heydər Əliyevin fəaliyyətinin bəzi məqamları əksini tapıb.

Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. İndi də çoxları bu fikirdədir ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı Qarabağ problemi ilə, 20 Yanvar qırğını və digər faciələrlə üzləşməzdi.


     

1990-cı illərin əvvəlində - Vətənin ağır günlərində Ulu Öndər Azərbaycana qayıtdı. Ovaxtkı rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu.

Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

    1993-cü ilin iyununda xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan çıxararaq sakitliyə və əmin-amanlığa qovuşdurdu. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi.

Həmin dövrdə ölkədə dərin iqtisadi böhran yaşanırdı, dövlət xəzinəsi boşalmışdı. Azərbaycan təbii sərvətlərlə zəngin olsa da, onların bir çoxuna əl çatmırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım gəlirdi. Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, dərin iqtisadi-sosial böhrandan yeganə çıxış yolu Xəzər neftidir. Onu dənizin dibindən çıxarmağa isə Azərbaycanın gücü yetməzdi. Ölkədə hələ siyasi-ictimai sabitlik yetərincə möhkəm olmadığından xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoymaq istəmirdi. Heydər Əliyev nəhəng neft şirkətlərini inandırmağı bacardı: Azərbaycana qoyulan sərmayə batmayacaq. Uzun-uzadı çətin danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Azərbaycanın sosial-iqtisadi inkişafının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı.

Həmin dövrdə çəkilmiş fotoların birində “Əsrin müqaviləsi”ndən əldə olunan ilk neftin Ulu Öndərdə doğurduğu böyük sevinc hissi əksini tapıb.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır.

 

 

  

  

Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna çevrilib. Bakının yüksək səviyyəli qonaqları - dövlət adamları və siyasi xadimlər, dünyanın görkəmli elm, incəsənət, mədəniyyət nümayəndələri bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirirlər.

Hər il mayın 10-da Fəxri xiyabana gələn insanlar Ulu Öndərin abidəsi önündən keçərək, ruhu qarşısında baş əyirlər. Fotolarda xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi olan bu anlar da öz əksini tapıb. Xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ideyalarını uğurla reallaşdıraraq Azərbaycanı dünyada sözü keçən dövlətə çevirib. Qarabağı azadlığa qovuşduraraq, ata vəsiyyətini layiqincə yerinə yetirib.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb, xalqımızın çoxəsrlik tarixində buna bənzər Qələbə olmayıb.

Əbədiyaşar Lider haqqında söhbət açarkən Prezident İlham Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Doğurdan da bu gün Ulu Öndərin ruhu şaddır: Düşmənin darmadağın etdiyi yurd yerlərimiz bərpa olunur, Qarabağa həyat yenidən qayıdır.