XƏBƏRLƏR

Dillər Universitetində onlayn təhsillə bağlı bütün imkanlardan istifadə edilir

15 aprel, 2020
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.
   
 Universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyyə edilib. Bununla bağlı, universitetlərə işin texnoloji tərəfinin necə qurulması barədə məlumat verilib. Bu barədə Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən bildirilib. Qeyd olunub ki, Dillər Universiteti təhsilin davamlılığını təmin etmək,  tələbələrin ehtiyaclarını ödəmək məqsədilə  və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışaraq öz işini qurub: 
 
 “İlk addım olaraq, təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti hər cür fədakarlıq göstərib video dərslər təşkil edib, texniki imkanlar vasitəsi ilə tələbələrlə ünsiyyət yaradıblar. Bundan başqa  adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn syllabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanmaları tövsiyyə olunub. Universitetin professor - müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini Açıq PDF variantda oxumaq, köçürmək, Goole Drive da yerləşdirmək və print etmək imkanı yaradılıb. (Bunun üçün: adu.edu.az/ kitabxana DSpace, yaxud axtarışda http://217.64.17.124:8080/xmlui ). Vaxtaşırı partnyor universitetlərin və   dünya kitabxalarının açıq giriş (istifadə) elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir.
 
ADU  Təhsil Nazirliyi tərəfindən təklif olunmuş Microsoft Teams platformasına  qoşulmaq üçün  müəllim və tələbə heyətinə  lisenziyalar alıb.  Bu da   universitetin   İKT şöbəsi və İnformasiya Texnologiyaları  kafedrasının vasitəsilə həyata keçirilib. Növbəti addımımız - müəllimlər üçün virtual təlimlərin keçirilməsi idi. Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib.
  Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Beynəlalq təcrübədən bəhrələnərək və universitetin spesifikasını (20–ə yaxın xarici dillərin tədris olunması) nəzərə alaraq təklif olunan məsafədən dərslərin keçirilməsi üçün digər resurlara (more than 100 TOOLS) müraciət olunub. Bunlardan  Zoom, Twiddla, Google Class, Skype, Google Docs,  Google Hangouts, WhatsApp kimi platformaları nümunə gətirə bilərik. 
 
Növbəti addımımız, mart ayının sonundan bu günə kimi ADU-nun məzunu - hal hazırda Kanadada yaşayan 20 ildən artıq bu sahədə təcrübəsi olan ESL Instructor, Trainer and Program Administrator Fəridə Ağaməmmədova “Onlayn dərslərinin təhsilimizdə rolu və əhəmiyyəti ” mövzusunda silsilə veb seminarların (webinar) təşkilini  qeyd edə bilərik. Bu seminarlara  qoşulmaqla təlim-tədris prosesinin məsafədən təşkilində yeni metod və yanaşmalarla tanış olur, nəticə etibarilə tələbələrdə təhsilə  motivasiya yaratmış oluruq . Distant təhsilin ölkəmiz üçün uğurlu olacağına inanıb indiki şəraitdə yaranan yalnız bir problemi qeyd etmək istərdik, bu da bəzi regionlarda internetin zəif olmasıdır.
 
 Əminliklə deyə bilərik ki, bu  istiqamətdə işimiz davam edəcək və qazandığımız uğurlar gələcəkdə təhsildə müasirləşdirmə, elmi nailiyyətlərə və innovasiyalara doğru yeni yollar açacaq.
Bundan başqa, ölkə prezidenti İlham Əliyevin koronovirusla mübarizədə atdığı preventiv və effektiv addımları, həyata keçirilən yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alıb, hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq. 
Evdə qalaq, pozitiv olaq, savadlı olaq!”