Elmi Şuranın tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib

İyulun 4-də Elmi şuranın 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş sonuncu iclası keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla Sosial məsələlər üzrə rektorun müşaviri Ələddin Əliyevi 85 illik yubileyi, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovu 70 illik yubileyi münasibətilə təbrik edib.
Səmimi təbriklərə və xoş sözlərə görə minnətdarlıqlarını bildirən yubilyarlar ADU rəhbərliyinə və kollektivinə uğurlar arzu ediblər. Yubilyarlara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.
Daha sonra ADU-nun üç əməkdaşına: Vüsalə Ağabəyli, Mahirə Hacıyeva və Ulduz Aslanovaya elmlər doktoru diplomu təqdim olunub.
İclasda ADU-nun ölkənin elmi, mədəni həyatında fəal iştirak etdiyinə görə YAP Nəsimi rayon təşkilatı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunması qeyd olunub.
Akademik Kamal Abdulla şura üzvlərini salamlayıb, tədris ilinin yekunları ilə bağlı məlumat verib.
Qeyd olunub ki, ADU ötən tədris ilində kifayət qədər böyük uğurlara və nailiyyətlərə imza atıb.
Belə ki, tədrisin elektronlaşdırılması prosesi uğurla başa çatıb, tələbələrin vahid portala məlumatları daxil edilib. Bu da tələbələr üçün öz baza məlumatlarını və imtahan nəticələrini daha operativ və obyektiv şəkildə əldə etməsinə şərait yaratmış olur.
ADU-nun beynəlxalq uğurlarından danışan rektor bu il də ADU-nun beynəlxalq reytinqlərdə uğur qazandığını bildirib.
QS reytinqində ADU-nun daha yüz pillə irəliləməsi və nəticə etibarilə beynəlxalq nüfuzunun artması növbəti uğur kimi təqdim olunub.
Universitetdə yeni fəaliyyətə başlayan beynəlxalq dil və mədəniyyət mərkəzləri də xarici əlaqələrin qurulması baxımından önəmli bir hadisə kimi qeyd olunub.
Həmçinin xarici ölkələrdə açılan “Azərbaycan dili və mədəniyyəti” mərkəzlərinin fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.
Milli qəhrəman Mübariz İbrahimov adına lisey-məktəbin direktoru Aqşin Bağırov ADU ilə lisey-məktəbin gələcək əməkdaşlığı ilə bağlı təkliflər irəli sürüb.
Qeyd olunub ki, nüfuzlu ali təhsil müəssisəsi olan ADU ilə əməkdaşlıq liseyin elmi potensialının artırılması üçün zəruri imkanların perspektivindən xəbər verir.
Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova hesabatla çıxış edib.
Daha sonra çıxış edənlər Tədris işləri üzrə prorektor Şəfəq Şahməmmədova, Elmi işlər üzrə prorektor Həmidə Əliyeva, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli tədris ilinin yekunları ilə bağlı məruzələrini səsləndiriblər.













































