XƏBƏRLƏR

ADU-nun EKİXM əməkdaşı “Vikipediya” təlimlərində iştirak edib

02 iyul, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin (EKİXM) əməkdaşı Nazan Mursaquliyeva, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunmuş “Vikipediya” təlimlərində iştirak edib.

2025-ci il mayın 5-də başlanan təlimlərə ADU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Slavyan Universitetinin kitabxana əməkdaşları da qatılıb.

Təlimləri MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli aparıb. O, iştirakçılara “Vikipediya”nın tarixi inkişafı, əsas funksiyaları, informasiya məkanındakı rolu barədə geniş məlumat verib. Təlimin məqsədi yalnız texniki biliklərin ötürülməsi deyil, həm də açıq bilik paylaşımı mədəniyyətinə dair maarifləndirici və təşviqedici yanaşmanın formalaşdırılması olub.

Təlim müddətində iştirakçılar, o cümlədən Nazan Mursaquliyeva, “Vikipediya” platformasının iş prinsipləri ilə əyani tanış olub, məqalələrin yazılması, redaktəsi, vikiləşdirilməsi, istinadların əlavə olunması, istifadəçi səhifələrinin qurulması və şablonlardan istifadə üzrə bilik və praktiki bacarıqlar əldə ediblər. Fərdi tapşırıqlar vasitəsilə təlim zamanı öyrənilən biliklər praktikada tətbiq olunub.

Təlim çərçivəsində iştirakçılar tərəfindən 50-dən çox yeni məqalə yaradılıb, mövcud səhifələrə çoxsaylı redaktələr edilib. Diqqət əsasən Azərbaycan dilindəki “Vikipediya” bölməsinin zənginləşdirilməsinə yönəlib.

Bundan əlavə, iştirakçılar Vikimedia Fondunun 12 layihəsi ilə tanış olublar, Vikianbara şəkillər yükləyib və məqalələrə vizual materiallar əlavə etməklə ensiklopedik məzmunun təqdimat keyfiyyətini artırıblar.

İki ay davam edən təlimlərin sonunda Nazan Mursaquliyeva və digər iştirakçılar xüsusi sertifikatla təltif olunublar.