ADU-da ərəb dilinin tədrisinin inkişafı ilə bağlı görüş keçirilib

İyulun 1-də Azərbaycan Dillər Universitetində (ADU) ərəb dilinin tədrisinin inkişafı məqsədilə görüş keçirilib. Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla ərəb dilinin tədrisinə dəstək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətini qəbul edib.
Görüşdə “Hər kəs üçün ərəb dili” (“Arabic for All”) təşkilatının icraçı direktoru Xalid əş-Şatıri, “Had” şirkətinin baş direktoru və həmtəsisçisi, eyni zamanda “Teach Me Arabic Academy”nin qurucusu Əmin əz-Zəhrani iştirak ediblər.
Görüş zamanı universitet rəhbərliyi ilə ərəb dili tədrisinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycanda ərəb dilinin öyrənilməsinin təşviqi və tədris keyfiyyətinin artırılması istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb.
Tərəflər ərəb dünyasında geniş istifadə olunan və yüksək effektivliyi ilə seçilən dərsliyin Azərbaycan Dillər Universitetində nəşr olunması və istifadəyə verilməsi barədə razılıq əldə ediblər. Sözügedən dərsliklər Xalid əş-Şatıri tərəfindən ADU tələbələrinə hədiyyə ediləcək.
Bundan əlavə, Səudiyyə Ərəbistanından iki təlimçinin ADU-ya ezam olunaraq universitetin ərəb dili müəllimləri üçün 5 günlük təlim proqramı keçəcəyi bildirilib.
Əmin əz-Zəhrani isə “Teach Me Arabic Academy” platformasından ADU tələbələrinin ödənişsiz şəkildə yararlanması üçün xüsusi giriş kodunun təqdim olunacağını və bu imtiyazın yalnız ADU tələbələrinə şamil ediləcəyini qeyd edib.
Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər.











