ADU-da Şaban Şabanovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Avropa dilləri kafedrasının dosenti, tanınmış alim Şaban Şabanovun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir aparıcının giriş sözü ilə açılıb və professor Şaban Şabanovun zəngin elmi və pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
Daha sonra ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək Şaban Şabanovun Alman filologiyasına və elmə verdiyi əvəzsiz töhfələrdən danışıb, pedaqoji fəaliyyəti və tələbələri barədə ətraflı məlumat verib:
“Şaban müəllimin universitetimizdəki yeri danılmazdır. O, maraqlı və faydalı elmi işlərin müəllifidir. Bir müəllim kimi, insan kimi, tərbiyəçi kimi missiya daşıyıb. O, heç vaxt öz biliklərini tələbələri ilə bölüşməkdən çəkinməyib, bunun özü böyük bir sərvətdir.”
Rektor, həmçinin, Şaban Şabanov haqqında yeni nəşr olunmuş kitabın işıq üzü gördüyünü bildirib və həmin nəşri ADU kollektivi adından yubilyara hədiyyə edib.
Yubiley tədbirində ADU-nun professor-müəllim heyəti - filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Camalzadə, professor Adil Babayev, dosent Amil Cəfərov, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli, filologiya elmləri doktoru, professor Fərman Zeynallı, filologiya üzrə fəlsəfə doktoru, professor Arif Hüseynov, filologiya üzrə fəlsəfə doktoru, dosent Ulduz Aslanova, filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva, baş müəllim Yusif Savalan və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmsinur Aslanova çıxış edərək yubilyarın elmi irsi, pedaqoji fəaliyyəti və insani keyfiyyətləri haqqında fikirlərini bölüşüblər. Onlar professor Şabanovun dilin tədqiqi və tədrisindəki xidmətlərini, tələbələrə və gənc alimlərə göstərdiyi diqqəti xüsusi vurğulayıblar. Onlar professor Şabanovun klassik ədəbiyyatın təhlili və tədrisi sahəsindəki xidmətlərini xüsusi vurğulayıblar, onun tələbələrinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Tədbir universitet tələbələrinin hazırladığı bədii kompozisiya ilə davam edib.
Daha sonra tədbirdə Şaban Şabanovun ailə üzvləri çıxış edərək universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürlərini bildiriblər, alimin yubileyinin belə yüksək səviyyədə qeyd edilməsinin onların ailəsi üçün böyük mənəvi dəyər daşıdığını ifadə ediblər.
Tədbirin sonunda professor Şaban Şabanov onu unutmayan ADU rəhbərliyinə, həmkarlarına və tələbələrə minnətdarlığını bildirib. O, yubileyin onun üçün yalnız şəxsi deyil, həm də elmi-pedaqoji fəaliyyətinə verilən qiymət kimi dəyərləndirildiyini qeyd edib.
Yubiley tədbiri elmi məzmunu, emosional çıxışlar və səmimi ab-havası ilə yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.











































































