XƏBƏRLƏR

Belarus səfiri ADU-nun qonağı olub

19 iyun, 2025

İyunun 19-da Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan-Belarus əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır və əməkdaşlıq dinamikası yüksələn xətt üzrə inkişaf edir:

“Bizi bir-birimizə möhkəm dostluq münasibətləri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi elmi, mədəni sahələrdə də əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. ADU-da fəaliyyət göstərən  Belarus dili və mədəniyyəti mərkəzi əlaqələrimizin qurulması baxımından mühüm əhəmiyyətə malikdir. ADU tələbələri Belarus dilinə və mədəniyyətinə böyük maraq göstərir”. 

ADU-da fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib. Rektor səfiri ADU-nun “Məzun günü”nə dəvət edib. Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə təşəkkürünü bildirən səfir ADU-nun beynəlxalq nüfuzundan söz açıb. Söylənilib ki, ölkələrimiz arasında tarixən dostluq və tərəfdaşlıq münasibətləri mövcud olub. Bu münasibətlər özünü elmi, mədəni sahələrdə də ən yaxşı tərəfdən göstərməkdədir.

Daha sonra diplomat ADU-da fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzi ilə tanış olub.

Belarus dili və mədəniyyəti mərkəzinin müdiri Sergey Klimov mərkəzin fəaliyyəti ilə bağlı çıxış edib. Mərkəzdə sərgilənən Belarus mədəniyyəti nümunələri haqqında məlumat verilib, keçirilən tədbirlər barəsində danışılıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.