XƏBƏRLƏR

"Universitetimizin dünya ali təhsil məkanında mövqeyi daha da möhkəmlənəcək" - ADU rektorunun təbrik məktubu

04 iyun, 2025

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təbriki

Əziz həmkarlar! 

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrin genişlənməsi istiqamətində iki böyük uğura imza atdı. Mayın 19-da Macarıstanın ELTE Universitetində, ayın sonunda isə Özbəkistanın Cahan Dillər Universitetində ADU-nun Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin böyük təntənə ilə açılışı oldu. Həmçinin Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti Özbəkistanda keçirilən Ali təhsil müəssisələrinin tanıtımı sərgisində iştirak etdi.

Beləliklə, universitetimizin xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin sayı səkkizə çatdı. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr müstəvisində qazandığı bu nailiyyət universitetimizin strateji inkişaf planının və kollektivin əzmkarlıqla həyata keçirdiyi səmərəli fəaliyyətinin uğurlu nəticəsidir.

Dünyanın nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılışı sadəcə coğrafi genişlənmə deyil, həmçinin ölkələr arasında elm, mədəniyyət və təhsil sahəsində daha dərin əlaqələr qurulması üçün strateji platformadır. Əminəm ki, bu uğurlarımız beynəlxalq əməkdaşlığımızın yeni mərhələsinə təkan verəcək, qarşımızda daha geniş imkanlar açacaq.

Azərbaycan Dilllər Universitetinin beynəlxalq əlaqələrinin inkişafına güclü stimul verən bu fəaliyyət milli mədəniyyətimizin, dilimizin, müasir Azərbaycan həqiqətlərinin təbliğinə, ADU-nun gələcək inkişafına, müəllim və tələbələrimizin qlobal arenada layiqincə təmsil olunmalarına xidmət edir. İnanıram ki, qarşıdakı illərdə ADU-nun yeni tərəfdaşlıq əlaqələrinin, həyata keçirdiyi birgə layihələrin coğrafiyası daha da genişlənəcək və universitetimizin dünya ali təhsil məkanında  mövqeyi daha da möhkəmlənəcək.  

Dünyanın iki nüfuzlu ali təhsil müəssisəsində - Macarıstanın ELTE Universiteti və Özbəkistanın Cahan Dillər Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılışı münasibəti ilə Azərbaycan Dillər Universitetinin kollektivini, tələbə, magistrant, doktorantlarımızı, tərəfdaşlarımızı və bizi daim dəstəkləyən dostlarımızı ürəkdən təbrik edirəm!

Uğurlarımız davamlı, yollarımız açıq, beynəlxalq əlaqələrimiz daim geniş olsun!