“Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi seminar keçirilib

72

Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının təşəbbüsü ilə Heydər Əliyev muzey-lektoriyasında “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın sədri Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri professor Şaban Şabanov, sədr müavini Xarici dillər kafedrasının professoru Dilarə İsmayılova, elmi katib isə kafedranın baş müəllimi Günel Eyvazlı idi. Seminara ADU-nun Xarici dillər kafedralarının əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Slavyan Universitetinin, Bakı Avrasiya Universitetinin xarici dil müəllimləri də qatılmışdılar.

 Seminarı açıq elan edən kafedra müdiri professor Şaban Şabanov, eyni zamanda kafedranın professoru Dilarə İsmayılova iştirakçıları salamlayıb, seminar haqqında məlumat verdilər. Seminarın gündəliyində olan 32 məruzədən fasilə ilə 22-si dinlənildi. Ən çox maraq doğuran, ciddi müzakirə ilə bitən məruzələr arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Fəridə Hüseynovanın “Səriştə əsaslı ali təhsildə ingilis dilindən tələbə nailiyyətlərinin qiymətləndirilməsi yollarının araşdırılması” adlı tezisini qeyd etmək olar. Tezis ali təhsildə ingilis dilinin qiymətləndirilməsi prosesində bilik və bacarıqların qiymətləndirilməsi, yeni səriştələr əldə etməsi üzrə aparılan faydalı mülahizələrin araşdırılmasına həsr edilmişdi. İngilis dilinin qiymətləndirilməsi prosesinin səmərəli tətbiqi tələbələrdə effektiv dinləmə, kommunikasiya, rabitəli nitq, qarışılıqlı dialoqda düzgün ünsiyyət, oxu mətnləri üzrə qısa şərhetmə və yazılı ünsiyyət kimi müxtəlif səriştələrin qazanılmasına istiqamətlənir. Seminarda diqqəti cəlb edən məruzələrdən biri də Bakı Slavyan Universitetinin dissertantıNatəvan Babayevanın “Xarici dilin tədrisində kulturoloji kompetensiyaların aktuallığı” adlı tezisi idi. Mədəniyyətlərarası kommunikativ kompetensiya xarici dillərin öyrənilməsi prosesində mühüm şərtlərdən biridir. Hazırda millətlərarası birgə fəaliyyət bir normaya çevrildiyi halda, dili tədris olunan ölkənin kulturoloji məsələləri professional müəllimlərin fəaliyyətlərinin ayrılmaz bir hissəsinə çevrilir. Xarici dil müəlliminin tədris zamanı işinin bir hissəsi dili tədris olunan ölkənin mədəniyyətini çatdırmaqdırsa, digər hissəsi isə digər mədəniyyətlərə də yanaşma yolunu modelləşdirərək tədris etməkdir. Hədəf dilin mədəniyyəti haqqında olan layihələr tələbələrdə çox böyük maraq doğurmalı, onların öz aralarında olan ünsiyyətə təkan verməlidir.

   Seminar iştirakçıları üçün xarici dillərin tədrisinə aid maraq oyadan növbəti tezis Bakı Slavyan Universitetinin müəlliməsi Fidan Rəhimovanın “Xarici  dillərin tədrisində mədəniyyətlərarası əlaqənin rolu” adlı tezisi bu gün çox aktual bir mövzudur. Bu tezis xarici dillərin tədrsində mədəniyyətlərarası əlaqənin rolundan bəhs edirdi. Xarici dilləri bilmək və həmin dillər vasitəsilə digər xalqlarla ünsiyyət qurmağa imkan verir, bu da insanları bir-birinə yaxınlaşdırır, mədəniyyətlərarası dialoqun qurulmasına, başqa sözlə digər xalqları yaxından tanımağa, ölkəmizi və xalqımızı başqa xalqlara tanıtmağa şərait yaradır. Seminarda maraqla dinlənilən növbəti tezislərdən biri də ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın “Azərbaycanda ərəb dilinin tədrisi: ənənəvi üsullar və onların dəyişməsi üsulları” adlı tezisi idi. Bu gün ölkəmiz ərəb dünyası ilə sıx əlaqədədir. Bu da ərəb dilinin tədrisində müxtəlif istiqamətlərin meydana çıxmasına səbəb olur. Bu tezisdə müəllif ərəb dilinin tədrisində istifadə olunan ənənəvi üsulları dəyişməyə və ərəb dilini müasir metodlardan istifadə etməklə tədris etməyi məsləhət görür. Seminarda həmçinin dilçilik mövzusunda da diqqəti cəlb edən məruzələr oldu. Bu məruzlərdən biri ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti Naibə Camalzadənin “Cümlədə sintaktik əlaqələrin ierarxik xarakteristikası” adlı tezisi idi.

Bu tezis cümlədəki sözlər arasında olan sintaktik əlaqələrdən bəhs edirdi. Fikrin düzgün ifadə olunmasında sintaktik əlaqələrin rolu böyükdür. Cümlə qurmaq, sözlərin amorf kütləsinə nəfəs vermək onlar arasında sintaktik əlaqə məcmusunu yaratmaqdır. Beləliklə, sintaktik əlaqənin cümlənin qurulmasında oynadığı böyük rolun vacib xüsusiyyətini struktur sinktaksisin əsası kimi dəyərləndirmək olar. Dilçilik mövzusunda seminar iştirakçılarının diqqətini cəlb edən növbəti məruzə ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Leyla Seyidzadənin “Avstraliya slenqi” idi. Hər bir ədəbi dil müəyyən dialektlər əsasında formalaşıb, eləcə də müəyyən sosial qrupların və peşə ilə əlaqədar olan sözlərin ədəbi dilə daxil olub onu zənginləşdirməsi prosesi davam edir. Məsələyə bu nöqteyi-nəzərdən baxdıqda ingilis dilində olan slenqlərin tədqiq olunmasının əhəmiyyəti başa düşüləndir və xalqlar, millətlər arasında əlaqələrin genişləndiyi bir zamanda, ingilis dilinin qloballaşdığı bir dövrdə adı çəkilən qeyri-standart leksikanın (slenqlərin) tətbiqi günün tələbi kimi aktual hesab olunur.

      

Həmin məruzələr və bu məruzələr ərtafında çıxışlarda diqqət mərkəzində duran, bu gün xarici dillərin tədrisində problem olaraq qalan tələbələrin öyrəndikləri dillərdə danışığın zəifliyi, həmin dillərdə nitq vərdişlərinin lazımi səviyyədə olmamasının səbəblərini araşdırmaq oldu.

        Seminarın sonunda öz tezisləri ilə çıxış edən seminar iştirakçılarına sertifikatlar təqdim olundu.

                                                      Filologiya fakültəsi nəzdində

                                                              Xarici dillər kafedrasının müdiri

                                                              professor Şaban Şabanov

 

SHARE