Dillər Universiteti qapılarını öz məzunlarına açacaq

937

Mayın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Məzunlar Assosiasiyasının təsis konfransı keçiriləcək. Təntənəli tədbirdə ADU-nu müxtəlif illərdə bitirmiş məzunlar iştirak edərək öz təəssüratlarını bölüşəcək, bədii hissə təqdim olunacaq.

Məzunlar Assosiasiyası Azərbaycan Dillər Universiteti məzunlarının təklifi və universitet rəhbərliyinin təşəbbüsü ilə könüllü üzvlük əsasında yaradılmış ictimai və sosial təşkilatdır.

Assosiasiyanın yaradılmasında məqsəd  ADU  məzunlarının  ümumi marağı əsasında onun üzvlərinin sosial, mədəni və işgüzar maraqlarının öyrənilməsinə və imkan daxilində ödənilməsinə  səy göstərmək, məzunların  harada olmasından  asılı  olmayaraq,  onlarla əlaqə  yaratmaq, vaxtaşırı görüşlər keçirməklə dünyanın bütün ölkələrinə yayılmış məzunları bir araya  gətirmək, onların sahibkarlıq, işgüzarlıq, elmi və yaradıcı  fəallıqlarının inkişafına təsir göstərmək, habelə üzvlərinin hərtərəfli  maraqlarının daha mükəmməl şəkildə ödənilməsinə   çalışmaqdır.

Assosiasiyanın  ən şərəfli  vəzifəsi öz  məzunları  vasitəsilə  Azərbaycan Dillər  Universitetinin  nüfuzunun Azərbaycanda və dünyada daha  da artmasına  kömək etmək, müəllim və tələbələrə  maddi  və mənəvi  yardım  göstərmək, xeyriyyəçiliklə  məşğul olmaqdır.

Assosiasiyanın  fəaliyyətinin əsas istiqamətləri:

-məzunlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması, möhkəmləndirilməsi və  onların universitetin müasir həyatına cəlb edilməsi;

– tələbələr və məzunlar arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi;

-tələbələr və müxtəlif nəsillərdən olan məzunlar arasında əməkdaşlıq ruhunun möhkəmləndirilməsi, universitetin maraq və dəyərlərinin bütövlüyünün qorunması;

– məzunların intellektual potensiallarının effektivliyinin artırılması, xüsusilə rayon məktəblərində çalışan məzunların yenidən hazırlanması və təkmilləşdirilməsi;

– məzunların  və  tələbələrin  peşə hazırlığının artırılmasının dəstəklənməsi;

– məzunlar üçün qəbulların, təqdimatların, seminarların, banketlərin, mətbuat-konfranslarının, görüşlərin təşkili;

– Assosiasiyanın  üzvlərinin yaradıcı, ixtiraçı və  sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsi;

Assosiasiyanın  fəxri  üzvləri statusu təsis edilir və bu üzvlüyə ölkənin ictimai–siyasi, iqtisadi, elmi və mədəni həyatında xüsusi xidmətləri olan məzunlar İdarə  heyətinin dəvətilə qəbul edilirlər.

Universitetin rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.

SHARE