Şəfəq Şahməmmədova: “Azərbaycan Dillər Universitetinə maraq ildən ilə artmaqdadır” 

450

Azərbaycan Dillər Universitetinin Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova ilə müsahibəni təqdim edirik.

– Bu il Azərbaycan Dillər Universitetinə abituriyentlərin qəbul səviyyəsini və qəbul göstəricisini necə qiymətləndirmək olar? 

– 2019/2020-ci tədris ilinə bakalavriat səviyyəsi üzrə 1605, magistratura səviyyəsi üzrə 333 plan yeri nəzərdə tutulmuşdur. Tələbə qeydiyyatının nəticələrini nəzərə alaraq, deyə bilərəm ki, qəbul planı 95% yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 91% təşkil edirdi. Gələn ilə hədəfimiz 100%-dir. Statistika göstərir ki, universitetimizə maraq ildən ilə artmaqdadır. Bunun səbəblərindən biri müasir dövrdə xarici dillərə yaranan ehtiyac olsa da, əsas səbəb tədrisin keyfiyyətinin yüksək olması ilə bağlıdır. Universitetimizin nüfuzu, universitetimizdə təşkil olunan tələbəyönümlü, mobil, yüksəkkeyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər sayəsində qəbul səviyyəmiz hər il artmaqdadır. Digər tərəfdən qəbul planının yüksək yerinə yetirilməsi səbəblərindən biri də qəbul yerlərinin düzgün planlaşdırılmasıdır. Plan yerlərinin artırılması əsas şərt deyil. Əsas əmək bazarında ehtiyac duyulan ixtisaslara plan yerlərinin təklif olunmasıdır. Əgər təklif olunan ixtisasa əmək bazarında ehtiyac yoxdursa və ya azdırsa, aydın məsələdir ki, həmin yerlər ya boş qalacaq, ya da ixtisasa həvəsi olmayan, lakin topladığı balı uyğun gələn tələbələr tərəfindən tutulacaq. Bilirsiniz ki, qəbul zamanı abituriyentlərə bir neçə ixtisas seçmək imkanı verilir. Bəzən tələbələr topladıqları bala uyğun istəmədikləri ixtisası seçirlər. Bu da istər-istəməz həm qəbul faizinə, həm də tədrisin keyfiyyətinə təsir göstərən amildir. Bu il fərqli mənzərəylə qarşılaşdıq. Tələbələrin əksəriyyəti seçimdən öncə əlaqə saxlayaraq universitetdə tədrisin keyfiyyəti, xaricdə təhsil almaq imkanları, öyrənə biləcəkləri ikinci xarici dillər haqda məlumat toplayırdılar. Bu universitetlər arasındakı rəqabətin göstəricisidir. Məsələn, bir tələbəmiz olimpiada qalibi olduğu üçün müsabiqədən kənar qəbul olunub və universitetimizin Norveçşünaslıq ixtisasını seçib. Və ya 672 bal toplayan 1 tələbəmiz Koreya dili üzrə tərcümə ixtisasını seçib. Bunun kimi çox misal çəkmək olar. Deməli, insanlar bu ixtisasları sevib seçiblər. Sevindirici haldır ki, “balım hara çatsa…” prinsipi aradan qalxır.

– Universitetlərdə təqaüdlə bağlı bəzən anlaşılmazlıqlar olur. O anlaşılmazlıqlar nədən yaranır və ADU-da bütün bunları necə həll edirsiniz? 

– Bəzən tələbə dövlət sifarişi ilə oxuduğunu bildirərək, mütləq şəkildə təqaüd almalı olduğunu deyir. Və ya bir ixtisasda oxuyan tələbə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) digər ixtisasda oxuyan tələbədən çox olduğunu deyərək, təqaüdə iddialı olduğunu bildirir. Bilirsiniz ki, təqaüdlərin verilməsində Nazirlər Kabinetinin 5 fevral 2016-cı il 38 nömrəli qərarı ilə yeni qayda tətbiq olunur. Artıq dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq tələbələrə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə görə verilir. Hər bir tələbə öz ixtisası daxilində təqaüd qazanmaq hüququna malikdir. Lakin təqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən təqaüdlərin müəyyən olunmuş sayı müvəffəq qiymət alanların sayından çox olarsa, qalan təqaüd yerləri həmin kursun digər ixtisasları üzrə təhsil alan və həmin semestrdə ÜOMG-si yüksək olan tələbələrə verilə bilər. Bu qaydanın tətbiqindən sonra tələbələr arasında ÜOMG-in artırılması uğrunda rəqabət daha da artdı. Rəqabət olan yerdə sual, mübahisə, iddia da olmalıdır. Biz hər bir tələbəyə fərdi yanaşaraq onların suallarını aydınlaşdırıb izah edirik. Bundan əlavə universitetə yeni qəbul olunmuş tələbələrlə görüşlər təşkil olunaraq kredit sistemi ilə tədrisin təşkili, təqaüdlərin verilməsi qaydaları onlara izah olunur. 

– Dillər Universitetinin Əlavə təhsil və təcrübə fakültəsinə qəbul göstəricisi ötən illərlə müqayisədə bu il yüksək olub. Bu marağı nə ilə izah etmək olar? 

– Əlavə təhsil və təcrübə fakültəsində 2 istiqamət fəaliyyət göstərir: kardların yenidən hazırlanması və təkrar ali təhsil. Hər 2 istiqamət üzrə bu il müraciətlərin sayı əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur. Universitet tərəfindən bu istiqamətə diqqətin artırılması, müsabiqənin obyektiv, şəffaf keçirilməsi, tanıtımların təşkili nəticəyə öz müsbət təsirini göstərir. Həmçinin universitetin elmi potensialı, tədirisin keyfiyyəti və s. təkrar ali təhsil almaq istəyənləri özünə cəlb edir. 

– ADU sosial, tədris və ictimai istiqamətlərdə səmərəli layihələri ilə tanınan, təqdir olunan ali təhsil ocağıdır. Universitetin rektoru akademik Kamal Abdullanın tədrisin və təhsilin keyfiyyətinin daha da artırılması ilə bağlı konkret tələbləri nələrdən ibarətdir? 

– Tədrisin keyfiyyəti tədris proqramlarının, tədris materiallarının hazırlanmasından, müəllim heyətinin peşəkarlıq səviyyəsindən, təhsil resurslarından, maddi-texniki bazadan və s. asılıdır. Gördüyünüz kimi universitetin bütün strukturları tədrisin keyfiyyətinin təmin olunmasına xidmət etməlidir və edir. Bu sahələr üzrə bu günədək bir sıra tədbirlər, layihələr həyata keçirilib və keçirilməkdə davam edəcək. Tələblərdən biri tələbələrə yönəldilmiş təhsil, onların təhsil prosesinə cəlb olunmasıdır. Belə ki, təhsil prosesində tələbələrə demokratik şərait yaradılıb. Tələbə-müəllim münasibətləri, müəllim seçmək hüququ, tələbələrin fikir və təkliflərinin nəzərə alınması, tədris prosesini qiymətləndirməsi, şikayətlərinə baxılması yüksək səviyyədə həyata keçirilir. Tələbələr universitetin şura, iclas, tədbirlərində yaxından iştirak edir, təkliflər verirlər. Tədris proqramlarının işlənməsində onların rəyi nəzərə alınır. Tələbələrlə iş zamanı Tələbə Həmkarlar Komitəsinin işini qiymətləndirməmək olmaz. Mətbuatdan da izlədiyimiz kimi, bu ilki tələbə qeydiyyatı zamanı çox böyük işlərə imza atdılar. Digər tələb tədris planlarının təkmilləşdirilməsidir ki, bu istiqamətdə müəyyən işlər həyata keçirilib. Müəllim və tələbələrin rəyləri əsasında müəyyən təkliflər hazırlanıb. Növbəti dövlət standartları hazırlanan zaman bu təkliflər təqdim olunacaq. Başqa bir tələb müəllim heyətinin peşəkarlıq səviyyəsidir. Bu istiqamətdə də aparılan işlər öz nəticəsini verir. Belə ki, müəllimlərin peşəkarlıq səviyyələrini artırmaq üçün universitet müəllimləri xarici ölkələrin profil ali məktəblərinə uzun müddətli ixtisasartırma kurslarına göndərildi və bu proses davam edir. Müəllimlərin xaricdə ixtisasartırma kurslarında ödənişsiz iştirakı müəllimlər üçün çox böyük fürsət oldu. Bildiyimiz kimi öz hesabına xaricdə kurs keçmək çox böyük maliyyə tələb edir. İlk dəfə olaraq özümüz də xarici mütəxəssisləri universitetimizə ixtisasartırma kursu keçməyə cəlb etdik. Bu yaxınlarda fransızdilli xarici mütəxəssislər 39 nəfər fransız dili müəlliminə universitetimizdə ixtisasartırma kursu keçdi. Digər tələb tədris resurslarının təkmilləşdirilməsidir. Bildiyiniz kimi tədris resurslarına kitabxana, tədris vasitələri, tyutor məsləhət və tövsiyələri və s. aiddir. Bu istiqamətdə işlərimiz davam edir. Elektron kitabxananın qurulması prosesi, kitabxanaya yeni dərslik, dərs vəsaiti, ədəbiyyatın alınması prosesi davam edir. Hər il sillabusların, fənn proqramlarının monitorinqi aparılır. Tələbələrə məlumat və tövsiyələri düzgün versinlər deyə, ildə bir neçə dəfə tyutorlara təlimlər təşkil olunur. 

Bu sadalananlar görülən işlərin hamısı deyil. Qeyd etdiyim kimi universitetin bütün strukturlarının fəaliyyəti tədrisin keyfiyyətli təşkilinə xidmət edir. 

SHARE