Mükəmməl və müasir universitet kitabxanası

226

Hansı ölkədə səfərdə oluramsa öncə kitabxanalarla tanış olmağı özümə mənəvi borc bilirəm. ABŞ-a səfərə hazırlaşarkən universitet kitabxanalarına getmək arzumu Azərbaycan Dillər Universitetinin (ADU) rəhbərliyi ilə bölüşdüm. Hörmətli rektorumuz akademik Kamal Abdullanın müraciət məktubu ilə 26 iyul tarixində Bluminqton şəhərində İndiana Universitetinin Herman B.Wells adına kitabxanasının rəhbərliyi ilə görüşdüm.

Görüşdə ADU kitabxanasının idarə olunması istiqamətində keçirilən islahatlar, kitabxananın müasir tələblər səviyyəsində qurulması, kitabxanalararası abonement, kitabxana kadrları üçün vebinarlar və treninqlərin keçirilməsi məsələləri öz əksini tapdı.

11 mərtəbəli Herman B.Wells kitabxanası və Lilly adına nadir kitab və əlyazmalar kolleksiyası fondu kitabxanası, fakültə kampuslarında kitabxana filialları, magistr tələbələri üçün xüsusi fond və komanda hazırlığı üçün çalışma zalları, doktorantlar üçün tədqiqat fondu fasiləsiz,  24×7 rejimində fəaliyyət göstərir. Rəqəmsal laboratoriyalar: printer, surətçıxarma, skaner və s. oxucuların sərbəst istifadəsindədir.

Universitet kitabxanasının fondu: 450 dildə 9,9 milyon kitab, 1,9 milyon e-kitab, 60 min e-jurnala abunə, Amerikada ən böyük kino kolleksiyası ilə tanınan kitabxana  isə 100 min kino kolleksiyasına malikdir. Kitabxananın oxucu sayı 49 min və illik oxucu istifadəsi 2 milyondur.

Orta Şərq, Mərkəzi Asiya və İslamşünaslıq üzrə kitabxanaçı, öz işinə çox doğma və həvəslə yanaşan Akram Habubulla hər bir zal və laboratoriya haqqında əhatəli məlumat verirdi. Məni daha çox maraqlandıran Sosial və Humanitar elmlər üzrə fondda Azərbaycana aid olan 2014 adda kitab kolleksiyası idi.Burada ictimai elmlər, müxtəlif dil lüğətləri,ensiklopediyalar, klassik və müasir bədii ədəbiyyat və.s. xüsusi fond kimi formalaşıb. Azərbaycana aid bu qədər kitabların olması, xüsusilə də ADU-nun rektoru akademik Kamal Abdullanın 11 əsərinin, ADU-nun Elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Sevinc Zeynalovanın 2 əsərinin olması qürurverici haldır.

Herman B.Wells kitabxanası nümunəsində olan müasir tələblərə cavab verən kitabxanalarda olmaq və iş üsulları ilə tanış olub birgə əməkdaşlıq etmək öz ixtisasını sevən kitabxana mütəxəssisi üçün böyük bir zövqdür.

 

Cəmilə Əliyeva,

Kitabxananın müdir müavini

SHARE