Jurnalist, yoxsa insan?

205

“Şam əgər yanmırsa, yaşamır demək, onun da həyatı yanmağındadır…” (B.Vahabzadə.) Pərvanə özünü oda çırpır. Öləcəyini bilə-bilə alova atır özünü. Çünki bu onun həyatının mənasıdır, qayəsidir.

Jurnalistlər də savaş səhnələrini, müharibələri, qırğınları, epidemiyaları, fəlakətləri qeydə alıb çəkərək həyatlarını ortaya qoymurmu? Odun, alovun, mərmilərin, qəlpələrin altında hadisələri işıqlandırmırmı, bizə çatdırmırmı? Biz nə edirik? Bəzən jurnalistin özünü qınaq obyektinə çevirir, tənqidlərlə yanaşırıq, mühakimə edirik.

Terrorçuların edam səhnələrini işıqlandıran jurnalisti duyğusuzluqda günahlandırırıq. Əlində xəncər əsirin boğazını kəsən terrorçunun əvəzinə hadisəni lentə alan jurnalisti qınayırıq. Normalda bu səhnələri lentə almaq üçün əvvəlcədən kameralar quraşdırılır və çəkilişlər vasitəsilə bir çox dairələrə mesajlar verilir. Bu, tamam başqa mövzudur.

Aralıq dənizi sahilində ləpələrin vurub sahilə atdığı körpənin cansız bədənini lentə alıb, bütün dünyaya çatdıran jurnalisti necə qınamaq olar? Ev-eşiyini, malını-mülkünü, vətənini tərk edib uşağının əlindən tutub çöllərə düşən milyonlarla insanın, miqrantın həyatını işıqlandırmayaqmı? Onların çəkdiyi əzablar və işgəncələr, təhqirlər bizi narahat etməsinmi? Amerikada qara dərili insanların günün günorta çağı polislər tərəfindən 7-8 mərmi ilə öldürülməsi səhnələrini görməzdənmi gələk?

Heç uzağa getməyək, Milli Qəhrəmanımız Çingiz Mustafayevin Xocalı faciəsi qurbanlarını lentə alarkən ürək yanğısı ilə ağlaya-ağlaya dediyi bu sözlər: “Çək- çək, başını qaldır, üzünü çək. Aman Allah…”

Bu hal insan və jurnalist məfhumunu açmırmı? Bu hər bir jurnalistin, bir insan, bir tamaşaçı olduğunu ortaya qoymurmu? Cəbhədən döyüş mövqeyini tərk edib, qaçan əsgərlərlə çəkdiyi reportaj zamanı sanki onları tənbeh etmirmi? Onları döyüş mövqeyini tərk etdikləri üçün mühakimə etmirmi?

Estoniyadan olan jurnalistin Xocalı qətliamını lentə aldıqdan sonra dediyi “Mən bu olanları gözlərimlə görməsəydim, belə bir hadisənin başa verməsinə inanmazdım” – ifadələri insan, jurnalistin mahiyyətini açmırmı? Qəlpə yarası almış jurnalist ömrünün son dəqiqələrində də kameranı əlindən yerə qoymur, öz missiyasını yerinə yetirməyə çalışır. Türk İş Adamı rəhmətlik Sakıp Sabancının bir sözünü xatırlamaq yerinə düşərdi. “Bunlar həp ananı qoyub, dananı döyür”.

Hər il dünyada yardımla bağlı hərbi sursatlar üçün milyonlarla dollar vəsait xərclənir. Bir tərəfdə aclıq, səfalət, susuzluq, epidemiyalar hökm sürür, bir tərəfdə isə insanların qanı-canı hesabına qazanılmış pullar öldürücü silahlara çevrilir. Halbuki, bu vəsaitin az bir hissəsi ehtiyacı olanlara xərclənsə, haqq-ədalət bərpa olar, insanların rifahı yaxşılaşar. Budurmu, özünü demokrat adlandıran dövlətlərin ədaləti?

Nə qədər dünya gücün qüdrəti ilə idarə olunur, heç bir ədalətdən söhbət gedə bilməz. İnsanları bu bəlalardan agah etmək yenə də biz jurnalistlərin öhdəsinə düşür.

Çünki bizim sənətimiz, peşəmiz, amalımız insanları xəbərdar etməkdir…

İsmayılova Nuranə

SHARE