Azərbaycan aliminin yaradıcılığı dünya meridianlarında

139

Bu günlərdə Xarkov Politexnik İnstitutunun elmi və tədris işləri üzrə prorektoru, beynəlxalq miqyasda özünü təsdiq etmiş alim, dünyanın 15-ə qədər akademiyasının, universitetinin üzvü, fəxri doktoru, Ukrayna-Türkiyə Elm və Texnologiya Tədqiqatları Əlaqələndirmə Mərkəzinin direktoru, əməkdar elm xadimi, professor Eldar Vəliyevin ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov haqqında Dünya Azərbaycanlılarının Onlayn Sammitində məqaləsi dərc olunub. Həmin məqaləni təqdim edirik.

Bu yaxınlarda məni Bakıda bir alimlə tanış etdilər. Xeyli söhbətdən sonra onun bir neçə dil bilməsi, geniş yaradıcılıq diapozonuna malik olması, beynəlxalq aləmdəki nüfuzu məndə xoş təəssürat yaratdı. Həmin şəxs Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının müdiri, Nyu York Elmlər Akademiyasının üzvi, Özbəkistanın Turan Elmlər Akademiyasının akademiki, Parisdəki Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, filologiya elmləri doktoru professor Əsgər Zeynalovdur. Əsgər Zeynalovun mənə bağışladığı bir özünün bir neçə kitabını diqqətlə oxuduqdan sonra onun haqqında bu məqaləni yazmaq qərarına gəldim. Xüsusilə onun 2018-ci ildə Bakıda nəşr etdirdiyi “Qaynaqlardan reallığa vəya hər şeydən bir az” və lap bu yaxınlarda İsveçin Malmo şəhərində ingilis dilində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” kitabları ədəbiyyatşünas alim haqqında mənə geniş məlumat verdi.

Əsgər Məmməd oğlu Zeynalov 1951-ci il sentyabr ayının 27-sində azərbaycanlıların əski mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhəri yaxınığındakı Zəngibasar mahalının (Uluxanlı) Yuxarı Necili kəndində anadan olmuş, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Fransız dili fakültəsini bitirmiş, 1991-ci ildə “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik, 2003-ci ildə isə “Fransız ədəbiyyatında Şərq (Volterin yaradıcılığı üzrə)” doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvi olan ədəbiyyatşünas alim 1998-2012-ci illərdə ADU-nun Praktik Fransız dili kafedrasının müdiri, 2004-2017-ci illərdə ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, 2006-2017-ci illərdəADU-nun Doktorluq Şurasının ilk üvzlərindən biri, 2017-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvi olmuşdur, 2017-ci ildən isə Azərbaycan Dillər Universitetinin  Qafqazşünaslıq kafedrasının müdiridir. O, 40-a qədər kitabın və 400-dən artıq elmi-publisistik məqalənin müəllifidir. Onun çoxşaxəli yaradıcılığını izlədikdə bəlli olur ki, professor Əsgər Zeynalov məhdud bir sahənin tədqiqatçısı deyildir. Müntəzəm olaraq dövri mətbuatda nəşr olunan məqalələrin, sonralar bütöv şəkildə əksini tapdığı kitablar, monoqrafiyaların adları da həmin fikri söyləməyə əsas verir: “Fransız ədəbiyyatında Şərq” (Bakı, 1996), “İrəvan ziyalıları” (Bakı, 1999), “Şərq Volter yaradıcılığında” (Bakı, 2001), “Azərbaycan bayatıları Qafqaz regionunda” (Bakı, 2001), “Viktor Hüqo” (Bakı, 2001), “Altaydan-Altaya” (Bakı, 2002), “İllərin yol yoldaşı” (Bakı, 2004), “Hara gedir bu qatar?” (Bakı, 2006), “Orda, bir yurd var, uzaqda” (Bakı, 2006), “Dil və ədəbiyyatın tədrisinə dair düşüncələr” (Bakı, 2009), “Fransız dili” (ali məktəblər üçün dərslik. 2010, Bakı, şərikli), “O, bir əsr idi…” (2010), “İrəvan ziyalıları”(Bakı, 2011, ingilis dilində), “İrəvan ziyalıları” (Bakı, 2011, rus dilində), “İrəvan məktəbləri” (2011), “Viktor Hüqo və Lui Araqon şeirlərinin Azərbaycan dilinə tərcüməsi” (2012), “Fransız ədəbiyyatının milyarderi” (Bakı, fransız dilində, 2013), “Hüqo” (Bakı, 2014), “1802-əsrin iki yaşı vardı…”(Bakı, fransız dilində, 2015), “Hüqo” (Bakı, 2015, ingilis dilində), “İrəvan xanlığı…gerçəkliyin aydınlığı” (Bakı, 2016), “Qaynaqlardan reallığa və ya hər şeydən bir az” (Bakı, 2018). Adlarını çəkdiyimiz bu əsərlər ədəbiyyatşünas alimin yalnız respublikamızda nəşr olunmuş kitablardır. Onun son illərdə xarici ölkələrdə əldə etdiyi uğurlar hər bir azərbaycanlıda iftixar hissi doğura bilər. Qeyd etmək lazımdır ki, onun özündən də, kitablarından da əvvəl məqalələri qonşu ölkələrə yol tapmışdır.İlkin olaraq tədqiqatçının müxtəlif illərdə 10-a qədər məqaləsi İranda, Rusiyada, Türkiyədə çapdan çıxmışdı. Bəli, son bir neçə ildə professor Əsgər Zeynalovun müasir dünyanın ən nəhəng dövlətlərində rus, ingilis, fransız dillərində kitabları işıq üzü görübdü. Fikrə aydınlıq gətirmək üçün həmin nəşrləri təqdim etmək lazım gəlir: “İrəvan ziyalıları” (Sankt Peterburq – 2011, rus dilində), “İrəvan ziyalıları” (Moskva-2013, rus dilində), “Hüqo- fransız ədəbiyyatının milyarderi” (Fransa-2015, fransız dilində), “Hüqo”- (ABŞ-2016, ingilis dilində), “İrəvan ziyalıları” (ABŞ-2016, ingilis dilində), “Hüqo-fransız ədəbiyyatının milyarderi” (Almanya-2016, ingilis dilində), “Hüqonun şərq baxışı” (İngiltərə-2016, ingilis dilində), “İrəvan xanlığı…gerçəkliyin aydınlığı” (ABŞ-2016, Azərbaycan dilində), “Volter və Hüqonun Şərq baxışı” (Kanada-2016, ingilis dilində), “Şərq Volter yaradıcılığında” (Hindistan-2017, ingilis dilində), “Volter və Hüqonun Şərq dünyası” (İsveç-2018, ingilis dilində) Əlbəttə, bu son deyil, yəqin ki, bu yaxınlarda tədqiqatçının yeni-yeni kitablarının sorağını eşidəcəyik.

Bizcə, bu zəhmətkeş insanın uğur qazanmasının ilkin səbəbi istedad və zəhmətkeşlikdirsə, ikinci başlıca səbəbi bir neçə dildə tədqiqat apara bilmək bacarığıdır: Azərbaycan, rus, fransız, erməni.

Qeyd etmək istərdik ki, Əsgər Zeynalovun xarici ölkələrdə nəşr olunmuş kitabları təkcə işıq üzü gördüyü ölkələrlə məhdudlaşmamışdır. Onun ABŞ, Almaniya və İngiltərədə nəşr olunmuş kitabları dünyanın bütün qitələrinə yayılmışdır. Bu ölkələrin içərisində Çili, Braziliya, Kolumbiya, Meksika, ABŞ, Kanada, Cənubi Afrika Respublikası, Qvineya, Portuqaliya, İspaniya, İngiltərə, Fransa, Almaniya, Hollandiya, İrlandiya, Bosniya və Hersoqavina, Çexiya, Polşa, Norveç, Çin, Hindistan, Yeni Zellandiya və Avstraliya ölkələrinin adlarını çəkmək olar. Onun ABŞ, Fransa, Almaniya və Azərbaycanda Hüqo haqqında nəşr olunmuş kitabları haqqında Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində məlumat verilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, Ə.Zeynalov Azərbaycan ədəbiyyatşünaslığında yeganə tədqiqatçıdır ki, namizədlik dissertasiyasını bir dil, bir qaynaqlar, doktorluq dissertasiyasını başqa bir dil, qaynaq əsasında yazmışdır. Erməni qaynaqlarında – İrəvan Əlyazmaları İnstitutu – Matenadaranda, İrəvan Xalq Yaradıcılığı Evində, İrəvan Ədəbiyyat və İncəsənət muzeyində axtarışlar aparan bu azərbaycanlı alim 550-dən artıq Azərbaycan bayatılarını həmin qaynaqlardan toplamış və sübut etməyə çalışmışdır ki, ermənilərdə bayatı olmamış, onlar əsrlər boyu məclislərində Azərbaycan bayatılarından istifadə etmişlər. Sonralar o, müəyyən əlavələrlə bu elmi işini “Azərbaycan bayatıları Qafqaz regionunda” adı altında kitab şəkilində çap etdirmişdir.

Tədqiqatçı XVIII əsr dahi fransız mütəfəkkiri Volterin yaradıcılığı əsasında “Fransız ədəbiyyatında Şərq” mövzusunda doktorluq dissertasiyasını yazdı. O, fransız ədibinin Şərq mövzusunda qələmə aldığı üç faciə, bir roman və səkkiz cilddən ibarət esselərini tədqiqat obyekti kimi götürmüş, fransız qaynaqları əsasında filosof yazıçının Şərq mədəniyyətinə, türk aləminə, zərdüştlüyə, Astiaq əfsanəsinə, qədim Hindistana baxışlarını araşdırmaqla sübut etməyə çalışmışdır ki, Şərq elminin təsirilə Avropada elm, mədəniyyət  inkişaf etmişdir.

Volter “Esse”sində Astiaq əfsanəsini Rablenin “Qarqantua və Pantaqruel” əsəri ilə müqayisə edib  belə bir qənaətə gəlmişdir ki, burada baş verən hadisələr fransız ədibinin əsərinə nisbətən daha realdır.

“Şərq Volter yaradıcılığında” monoqrafiyasında araşdırıcı göstərir ki, Volter Zərdüştlüyə aid yazısında o zamana kimi Avropada eqoistliklə qəbul olunmuş fikirləri alt-üst etdi. “Bizim cahil, tez inanmağımız nəticəsində həmişə elə təsəvvür etmişik ki, hər şeyi biz ixtira etmişik və hər şey yəhudilərdən gəlib, nə irsimiz varsa, yəhudilərə məxsusdur, ancaq qədim dövrü bir az araşdırdıqda hər şey aydınlaşır”.

 Ə.Zeynalovun “Fransız ədəbiyyatında Şərq” əsəri neçə illər keçməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatşünaslığı üçün tamam yeni bir hadisədir. Əsərdə qeyd edilir ki, elmi ədəbiyyatda həmişə belə bir fikir mövcud olmuşdur: “Guya Anketil du Perron Hindistana romantik səyahətindən sonra “Avesta”nı fransız dilinə çevirib 1771-ci ildə nəşr etdirməsilə Avropa bu möhtəşəm Şərq əsərilə tanış olmuşdu”.

Azərbaycanlı alim apardığı ağır axtarışlar nəticəsində tutarlı faktlarla həmin fikri təkzib edib göstərdi ki, Volter Anketil dü Perronun nəşrindən 25 il əvvəlyazdığı “Zadiq yaxud tale” əsərində istifadə etmiş, 1756-cı ildə qələmə aldığı “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərində isə “Avestadan böyük bir parçanı fransız dilinə tərcümə etmişdir.”

Volter yaradıcılığı və türklər. Bu da Ə.Zeynalovun tədqiqatında diqqətçəkən məsələlərdən biridir. Əsərdən bəlli olur ki, fransız mütəfəkkiri skiflərin, hunların, tatarların, türklərin eyni kökə mənsubluğunu dönə-dönə vurğulamışdır. Bu məsələ ilə əlaqədar istər Türkiyə, istərsə də Azərbaycanda çox sonralar tədqiqatlar aparılmışdır.Türklərin adətlərindən söhbət açan fransız ədibi yazırdı ki, onların adətləri eyni zamanda sərtlik, təkəbbürlük, zəriflik və incəlikdir. Onların sərtlikləri əcdadları skiflərdən qorunub saxlanmışdır. Mütəfəkkir ədib yazırdı:“Türklər ifrat dərəcədə məğrurdurlar”.

Monoqrafiyada Volterin hind mədəniyyətinə baxışı, onların beş min il əvvəl sanskrit dilində “Veda” və “Kasta” adlı kitablarını yaratması Pifaqordan əvvəl (e.ə. 585-500) yunanların elm öyrənmək üçün Hindistana gəlməsi, dəqiq elmlərin ilk dəfə Hindistanda yaranması diqqətə çatdırılır. Fransız mütəfəkkirinin fikrincə, hindlilər dünya mədəniyyətinə üç mühüm yeniliyi bəxş etmişlər: təmsillər, şahmat oyunu və Şarlömanın vaxtında ərəblərin Avropaya gətirdiyi rəqəmləri.

Bütün bunlardan sonra orta əsr Şərq mədəniyyətinə qayıdanVolter təkzibedilməz faktlarla təsdiq edirdi ki, Şərqdə elmin, mədəniyyətin inkişafı bütün sahələrdə Avropanı bir neçə əsr qabaqlamışdı. Onun eqoizmdən uzaq dediyi aşağıdakı sözlər bu həqiqəti bir daha təsdiq edir:” Hansı tərəfə dönsək, etiraf edib boynumuza almalıyıq, biz yalnız dünən mövcud olmuşuq. Biz həqiqəti deməliyik ki, başqaları daha qədimdirlər, çünki biz sonuncu gəlmişik.”

Bir həqiqəti də diqqətə çatdırmaq lazımdır ki, araşdırıcı fransız ədibinin fikirlərini ehkam kimi qəbul etməyib, lazım gəldikdə öz münasibətini bildiribdir. Volterin türklərin ərəb xilafətində oynadığı mühüm rol barədə heç bir söz söyləməməsi, Əl-Xarəzm, Əl-Fərqanə, Əl-Fərabi, Əl-Biruni, İbn-Sina, Ömər Xəyyam, Nizami və başqalarının adlarını çəkməməsi tədqiqatçıda təəssüf hissi doğurur. Ə.Zeynalov fransız ədəbiyyatı üzrə mütəxəssis kimi özünü respublikamızda da, xarici ölkələrdə də ən yüksək səviyyədə təsdiq etmişdir. O, müxtəlif vaxtlarda görkəmli fransız ədibləri La Fonten, Balzak, Aleksandr Duma (ata), Jorj Sand, Stendal, Merime, Flober, Mopassan, Qobino haqqında məqalələr yazmışdır. Fransız ədəbiyyatından ilk doktorluq dissertasiyası, Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiyalar Ə.Zeynalovun qələminə məxsusdur.

Maraqlı haldır ki, o, doktorluğunu Volterdən müdafiə etsə də, istər ölkəmizdə, itərsə də xarici ölkələrdə daha çox Hüqonun mütəxəssisi kimi tanınmışdır. Bakıda Viktor Hüqo haqqında Azərbaycan, fransız, ingilis dillərində bir neçə kitab nəşr etdirən müəllif bununla kifayətlənməyib, dairəni genişləndirib. Fransada fransız dilində, ABŞ, İngiltərə, Almaniya, Kanada,  Hindistan və İsveçdə ingilis dilində dahi yazıçı haqqında monoqrafiyalar nəşr etdirmişdir. Fransanın bir sıra möhtəşəm zallarında azərbaycanlı ədəbiyyatşünas Hüqo yaradıcılığı ilə bağlı fransız dilində çıxışlar etmişdir. Onu da ayrıca qeyd etmək lazımdır ki, Fransanın ən nüfuzlu mətbuat orqanlarında onun haqqında dərc olunmuş məqalələrdə professor Ə.Zeynalov məhz Hüqonun mütəxəssisi kimi təqdim olunmuşdu. Məsələn, 2007-ci il avqust ayının 11-də Fransanın “L’EST Republicain” qəzetində azərbaycanlı alim haqqında belə bir məqalə dərc olunmuşdu: “Viktor Hüqonun azərbaycanlı mütəxəssisi Tətbiqi Dilçilik Mərkəzində”, 2013-cü il oktyabr ayının 6-da, 2015 və 2016-ci illərdə Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində də, 2014 –cü il iyulun 24- də nəşr olunan “L’EST Republicain” qəzetində də  Ə.Zeynalov Hüqonun mütəxəssisi kimi təqdim olunmuşdu. Fransanın Franch-Konte regionun konseyi – vitse- prezident Pyer Feyzo “L’EST Republicain” qəzetinin redaksiyasına yazırdı: “22-si 07-ci ayda (2014) mən Regiona Konseydə xarici dil kimi bütün dünyanın fransız dili müəllimlərini qəbul etdim. Onların arasında Azərbaycandan gəlmiş cənab Zeynalov Hüqonun çoxlu əsərlərini tərcümə etmiş və Bözansonda dünyaya göz açmış müəllifin haqqında çoxlu kitablar yazmışdı.” Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə latın qrafikasıyla nəşr olunmuş Hüqonun “Səfillər” romanının (2005) və Hüqonun “Seçilmiş əsərləri”nin (2010) ön sözləri professor Ə.Zeynalova məxsusdur.

Eyni zamanda Aleksandr Dümanın  “Üç müşketyor” romanının ön sözü də professor Ə.Zeynalova və S.Vahabovaya  məxsusdur.

Tədqiqatçı üç dəfə 2012, 2014, 2016-cı illərdə Azərbaycan Respublikasının Dövlət Mükafatına namizəd olmuşdur. Maraqlı haldır ki, təqdim olunan əsərlərin hər biri  müxtəlif ölkələrdə işıq üzü görmüşdür. Birinci kitab “İrəvan ziyalıları” Rusiyada(Sankt-Peterburq –rus dilində), ikincisi Azərbaycanda (Bakıda – Azərbaycan və fransız dillərində) nəşr olunmuş “Hüqo” monoqrafiyası, üçüncüsü isə ABŞ-da (Raleigh-ingilis dilində) çapdan çıxmış “İrəvan ziyalıları” kitabıdır. Onu da nəzərə çatdırmaq lazım gəlir ki, “Hüqo” monoqrafiyası təkcə fransız ədəbiyyatından deyil, ümumiyyətlə, dünya ədəbiyyatından Dövlət mükafatına təqdim olunmuş ilk əsər idi.

Ə.Zeynalov Dövlət mükafatına təqdim etdiyi “Hüqo” monoqrafiyasında fransız ədibinin həyat və yaradıcılığına yığcam nəzər salmış, əsərlərinin Azərbaycan dilinə tərcüməsinə və haqqında yazılmış məqalələrə münasibətini bildirmiş, poeziyasını və nəsrini geniş surətdə təhlil etməyə çalışmışdır. Əsərdə müəllifin Hüqo poeziyasından orijinaldan etdiyi tərcümələr və ədibin fransız mütəxəssisi Arno Lasterlə məktublaşmaları öz əksini tapmışdı. Professor Cəlil Nağıyev tədqiqatçının bu əsərindən bəhs edən “Hüqo haqqında fundamental tədqiqat” adlı məqaləsində yazır ki, Ə.Zeynalovun bu kitabına daxil edilən bütün bölmələr yeni məlumatlar və faktlarla zəngindir. Amma bu kitabda yer alan “Hüqo islam dinini qəbul etmişdirmi?” ritorik sual başlığı ilə verilmiş bölmə isə həm gözlənilməzliyi, həm də dəyərliliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Fransız qaynaqları əsasında apardığı axtarışlar nəticəsində Ə.Zeynalov əldə etdiyi təkzibolunmaz faktlarla sübut etməyə çalışmışdır ki, Hüqo islam dinini qəbul etmişdir. Bu yazıdan bəlli olur ki, Hüqo 1840-cı ildə Bibristeyn – Kazimirskinin fransız dilinə tərcümə etdiyi və Pyer Qiyyomun ön söz yazdığı “Qurani-Kərim”lə yaxından tanış olmuşdu. P.Qiyyomun  “İslam dini” kitabında və Volterin “Esse”lərində Məhəmməd peyğəmbər və “Əl-Quran” haqqındakı fikirləri onun başlıca Şərq qaynaqları idi. O zamana kimi fransız dilinə tərcümə olunmuş Şərq şifahi və yazılı ədəbiyyat nümunələri “Min bir gecə nağılı”nı, “Avesta”nı, Sədi, Hafiz, Firdovsi, Fəridəddin Əttarın əsərlərini də bura əlavə etmək olar. Tədqiqatçı Hüqonun “Şərq motivləri”ndən bəhs edərək göstərir ki, bu silsilə şeirlərin yaranmasına münasibət bildirən fransız, rus və onların təsirinə düşən Azərbaycan alimləri onun səbəbini həmin dövrdə gedən türk-yunan müharibəsilə bağlayırdılar. Müəllifin fikrincə, bu türklərə qarşı uzun əsrlər boyu yaranmış kindən, qərəzli fikirdən başqa bir şey deyildi. Halbuki, Hüqonun özü həmin kitabın əvvəlində yazırdı:”Əgər biz əvvəl ellenist idiksə, indi isə şərqşünasıq.” Ə.Zeyanlovun “Hüqo” monoqrafiyasında bütün bölmələr yeni məlumatlar və faktlarla zəngin olsa da, onun bu kitabda öz əksini tapmış “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısı hər bir oxucuda ciddi maraq doğurur. Tədqiqatçı göstərir ki, Hüqo 1859-cu ildə nəşr etdirdiyi “Əsrlərin əfsanəsi” adlı kitabının birinci cildində islam dininə həsr etdiyi üç şeir diqqəti cəlb edir. “Hicrinin doqquz ili”, “Məhəmməd”, “Sidr ağacı”. Monoqrafiyadan o da bəlli olur ki, Hüqonun bu əsərləri 1902-ci ildən, fransız ədibinin anadan olmasından 100 il sonra heç bir yerdə çap olunmur. Çünki bu əsərlərin bir əsr çap olunmaması barədə yuxarı dairələrdə sərəncam verilmişdi.

Ə.Zeynalov “Dünya ədəbiyyatını tədqiq etməyə ehtiyac varmı?” adlı məqaləsində yazır ki, 800-1000 səhifəlik Hüqo haqqında monoqrafiyalarında fransız alimləri Andre Besson, Maks Qallo, eləcə də hüqoşünas rus alimləri Poezdkov, Treskunov, Safronov fransız ədibinin 15-20 misralıq turk yunan müharibəsindən bəhs edən şeirlərindən ağızdolusu danışırlar, ancaq onun Məhəmməd peyğəmbərə həsr etdiyi 156 misralıq poemasının adını belə çəkmirlər. Poema əsasən Məhəmməd peyğəmbərin ömrünün son vaxtlarına həsr olunsa da, onun həyatı əslində bu əsərdə bəzi xırda detalları ilə öz əksini tapmışdı. Ə.Zeynalov fransız dilində nəşr olunmuş qaynaqlara, əldə etdiyi tutarlı faktlara əsaslanaraq belə qənaətə gəlmişdir ki, dahi fransız ədibi Hüqo islam dinini qəbul etmiş, hətta müsəlman adı da götürmüşdür.Tədqiqatçı fransız qaynağından əldə etdiyi bir faktı əsərdə belə təqdim edir: “Şairlərin ən parlağı” Hüqo müsəlman idi. Heç kəs bilmirdi ki, məşhur Hüqo müsəlman idi… Şübhəsiz ki, onun müsəlman olduğunu mediada demək olmurdu… Bu təkrarsız poemaların müəllifi Hüqo inam yolunu (cihad) təsdiq edərək bildirmişdir ki, “Allah təkdir, onun heç bir şəriki yoxdur. Məhəmməd onun elçisidir.1881-ci il sentyabr ayının 6-da onun (şübhəsiz ki, Tanrı nəzərdə tutulur-Ə.Z.) göndərdiyi elçi Şeyx İbrahim dö Telemcen Əlcəzairli Parisdə onun otağında (Hüqonun otağında – Ə.Z.) olmuş və bunun nəticəsində fransız ədibi Əbu Bəkr Hüqo adını qəbul etmişdir. Şeyx İbrahim Parisə Hüqonun yanına gələrkən ona bir canamaz (sayyada – Ə.Z.)  gətirmişdi. O, bir müsəlman kimi dünyasını dəyişmişdir.”

Monoqrafiyada qeyd olunur ki, Hüqonun vəfatının ertəsi günü fransız katolik partiyasının orqanı olan “Xaç” qəzeti 1885-ci il may ayının 23-də yazmışdı: “Otuz ildən bəridir ki, o dəlidir.” Müəllifin fikrincə, otuz il əvvəl təxminən “Hicrinin doqquz  ili” poemasının yazıldığı vaxta düşür. Monoqrafiyadan o da bəlli olur ki,Hüqo ömrünün son vaxtlarında bir gündə dəfələrlə “Qurani-Kərim”in “Əl-Fatihə” surəsindən “İhdinas siratəl müstəqim -Tanrı bizə doğru yol göstər” kəlamını deyib ağlayırmış.

Ə.Zeynalov çox böyük cəsarətlə qələmə aldığı “Hüqo islam dinini qəbul etmişdirmi?” yazısını İngiltərənin paytaxtı Londonda nəşr olunan “Hüqonun Şərq baxışı”, Kanadanın Viktoriya şəhərində çap edilmiş “Volter və Hüqonun Şərq baxışı” və İsveçin Malmö şəhərində işıq üzü görmüş “Volter və Hüqonun Şərq dünyası” kitablarında oxuculara ingilis dilində təqdim etmişdir.Əlbəttə, çağdaş dövrümüzdə xristian dünyasının islam aləminə qənim kəsildiyi bir vaxtda şərq təəssübkeşliyi ilə yazılmış belə kitabları üç nəhəng xristian dövlətində nəşr etdirmək müəllifdən çox böyük şücaət və iradə tələb edir. Əsl azərbaycanlı, türk, Şərq oğlu olan professor Ə.Zeynalov bu ağılasığmaz, çətin işin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.

Volter və Hüqo. Maarifçi və romantik. Tədqiqatçının yaradıcılığından aydın olur ki, Volter Hüqonun ən çox sevdiyi fransız yazıçılardan biridir. O, Volter haqqında bir neçə məqalə yazmışdı. Xüsusilə dahi mütəfəkkirin vəfatının 100 illiyi münasibətilə 1878-ci ildə yazdığı məqalə daha çox fərqlənir.

Ə.Zeynalovun yaradıcılığını diqqətlə izlədikdə bir məsələ diqqəti cəlb edir. Volterin Məhəmməd peyğəmbər haqqında nəsrlə dediyi bir fikri Hüqo poetik şəkildə qələmə almışdı. Məsələn, Volter “Esse”sində yazır ki, Məhəmməd ətrafındakı ölkələrin bir neçəsinə ona tabe olmaq üçün məktub göndərdi və çox maraqlıdır ki, müəyyən dərəcədə uğurlar da əldə edə bildi… Xosrov hiddətlə məktubu cırdı… onun sarayının üç qülləsi uçub töküldü.

Hüqo buna işarə edərək yazır:“Xosrovun sarayının dağıldı üç qülləsi”.Yaxud:Volterdə Məhəmməd son anlarında:“O ucadan dedi, mən  nə  etmişəm, zor və insafsızlıq kimi görünüb, onu düzəltməyə hazıram.” Bir adam qalxdı, ondan bir qədər pul istədi. Məhəmməd pulu ona verdirib canını tapşırır.

Hüqoda isə həmin fikir belə ifadə olunmuşdur:

O, üç dirhəm borcludur mənə, qoy bilsin hamı.

Söylədi:

Qəbirdənsə, burda ödəmək yaxşı.

Monoqrafiyada oxuyuruq: “Volter çox heyranlıqla yazır ki, doqquz il ərzində o, (Məhəmməd peyğəmbər-Ə.Z.) silah və sözlə bütün Ərəbistanı və s. istila etdi. Bizcə, Hüqo “Hicrinin doqquz ili” poemasının adını da buradan götürmüşdü”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etmişdi.(10 yanvar, 2017-ci il tarixli sərəncam) ” Fikrimcə, Ə.Zeynalovun İngiltərə və Kanadada nəşr olunmuş bu kitablarını islam həmrəyliyinin bir xətti hesab etmək olar. Müəyyən qədər ingilis dilini bildiyim və başa düşdüyüm üçün müəllifin xaricdə nəşr olunmuş bu kitablarına dönə-dönə qayıtmalı oluram.

 Ə.Zeynalovun elmdə əsas xidmətlərindən biri XIX əsr görkəmli fransız yazıçısı və diplomatı Artur Jozef dö Qobinonun “Şamaxı rəqqasəsi” əsərini Fransadan tapıb Azərbaycana gətirməsidir. O, bu möhtəşəm əsər haqqında  “Ədəbiyyat” qəzetinin 03 oktyabr 2015-ci il tarixli nömrəsində və “Azərbaycanda xarici dillər” jurnalında (2015, №3) geniş məqalə ilə çıxış etdi. “Şamaxı rəqqasəsi” əsərində hadisələr Azərbaycanın qədim mədəniyyət mərkəzi və dilbər güşələrindən biri olan Şamaxıda baş verir. Mən tanış olduğum heç bir əcnəbi yazıçının əsərində Azərbaycanın həyatı, adət-ənənəsi, musiqisi bu qədər təbiiliyi və incəliyi ilə öz əksini tapmamışdı.

Ə.Zeynalov eyni zamanda ali məktəblər üçün “Fransız dili” dərsliyinin (şərikli) müəllifidir.

Ə.Zeynalov yaradıcılığının mühüm bir qolu onun publisistikasıdır. Tədqiqatçı deportasiya, 20 Yanvar, Xocalı faciəsi, Qarabağ döyüşləri, yer-yurd həsrətilə bağlı bir çox məqalələrın  müəllifidir.Yəni respublikanın həyatında baş verən heç bir hadisəyə biganə qalmayıbdır.

Tədqiqatçının publisistikasından söhbət açarkən ilk növbədə onun məşhur “İrəvan ziyalıları” kitabı yada düşür. On beş illik ağır zəhmətdən sonra o, belə bir möhtəşəm elmi-publisistik əsəri başa gətirib. İrəvanın 150-200 illik ziyalı nəsillərini üzə çıxarmışdır. İrəvanilər, Mirbabayevlər, Qazıyevlər, Muğanliskilər, Məmmədzadələr, Erivanskilər və digər nəsilləri aşkar etmişdir. Bu kitabı yazmaq üçün o, nə qədər arxivlərdə olmuş, saysız –hesabsız insanlarla görüşmüş, şəxsi sənədlərdən istifadə etmişdir. Psixoloq alim Misgər Məmmədov bu kitabdan bəhs edərkən yazır ki, Əsgər Zeynalov İrəvana torpaq kimi yox, Vətən kimi baxmışdır. Bu əsərdə sevgi ilə həsrət, kədər bir vəhdət təşkil edir. Ən qüvvətli əsərlər də məhz bu cür yaranır.

 Bizcə, bu yerdə professor  Səməd Seyidovun da kitabla bağlı bir fikrini yada salmaq yerinə düşər: “Avropaya gedib erməni nümayəndələri ilə görüşəndə onlar bir sözü tez-tez təkrarlayırlar. Siz azərbaycanlılar deyirsiniz ki, İrəvan əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil etmiş, bura azərbaycanlıların şəhəridir. Elə isə, bu şəhər nə üçün bir tanınmış alim, ziyalı yetirməmişdir. Əsgər müəllim “İrəvan ziyalıları” kitabı ilə sübut etmişdir ki, Azərbaycanın  böyük ziyalılarının əksəriyyəti İrəvandan çıxmışdır. Bəli, “İrəvan ziyalıları” kitabı bizim ideoloji əleyhdarlarımıza ən layiqli cavablardan biridir.”

Təkcə XX əsrdə bu şəhər Azərbaycan elminə, mədəniyyətinə akademiklər Mustafa Topçubaşovu, Heydər Heseynovu, Əhməd Rəcəblini, Hüseyn Həsənovu, ictimai xadimlər Əziz Əliyevi, Həsən Seyidovu, Bağır Seyidzadəni, bəstəkar Səid Rüstəmovu, kinorejissor Hüseyn Seyidzadəni, rəssam Kamil Əliyevi, şair Əhməd Cəmili, ədəbiyyatşünaslar Cəfər Xəndanı, Mirəli Seyidovu bəxş etmişdir.Bu siyahını xeyli artırmaq olar. Ə.Zeynalov bu kitabın Bakı nəşri ilə kifayətlənmədi. O, “İrəvan ziyalıları” kitabını 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə isə Moskvada rus dilində çap etdirməyə nail oldu. Bu kitablara ön söz yazmaq üçün nə qədər rus alimlərinə müraciət olunsa da, onlar əsərin münaqişəli bir problemdən bəhs etdiyini bildirib, sözün əsl mənasında boyun qaçırmışdılar. Nəhayət, sözün xoş mənasında boyunlarına kəfən geyinib, heç nədən qorxub çəkinməyən iki rus alimi bu kitaba ön söz yazdı.

Bunlar dünya miqyasında öz sözünü demiş Sankt-Peterburq Universitetinin kafedra müdiri, professor, Şotlandiya Universitetinin  fəxri doktoru Boris Starkov və Rusiya Şərqşünaslıq Universitetinin şöbə müdiri, professor Rudolf  İvanov oldu. Professor B.Starkov kitabın Sankt-Peterburq nəşrinin ön sözündə yazmışdı. “İlk baxışdan müasir rus oxucusu heç də elə düşünməsin ki, kitab Ermənistanın tarixindən bəhs edir. O, İrəvana və tarixin müəyyən dövrlərində onun əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif praktiki olaraq kitabın az qala hər səhifəsində qeyd edir ki, İrəvan qədim dövrlərdən azərbaycanlıların şəhəridir”.

R.İvanov isə kitabda təqdim olunan şəhərdəki məscidlərin, məhəllələrin bağların adlarını sadalayaraq belə bir ritorik sualla meraciət edir: “Şərhə ehtiyac varmı ki, bura azərbaycanlıların şəhəridir?” İrəvan gimnaziyasının məzunlarından danışan R.İvanov görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətindən geniş bəhs edir: “1929-cu ildə 32 yaşı yenicə tamam olmuş Əziz Əliyev səhiyyə nazirinin müavini , 1932 –ci ildə isə Azərbaycan Tibb İnstitunun rektoru vəzifəsinə təyin edilir. Əziz Əliyev 1935-ci ildə namizədlik, iki ildən sonra isə doktorluq dissertasiyasını müdafiə edir. Tezliklə Əziz Əliyevi Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzü, 1941-ci ildə Azərbaycan KP-nın katibi seçilir. 1942-ci ilinsentyabrında  MK onu  Dağıstana birinci katib göndərir. Onun təşkilatçılıq qabiliyyəti tam mənası ilə aşkarlanır. Ə.Əliyev həmin vaxt orada yaşayan insanları xam torpaqlara məcburi köçürülmədən xilas edir.”

Ə.Zeynalov kitabın Moskva nəşrinə geniş ön söz yazdığına görə həmkarına təşəkkürünü bildirdikdə R.İvanov cavab məktubunda ona yazmışdır. “Əziz Əsgər! Siz təşəkkürsüz möhtəşəm bir kitab yazmısınız. Çox əhəmiyyətli kitabınıza görə sağ olun.” Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu əsər 2012-ci ildə Dövlət mükafatına təqdim olunarkən akademik Nizami Cəfərov “İrəvan ziyalıları” kitabı haqqında düşüncələr” adlı geniş məqalə ilə mətbuatda çıxış etmişdir (Respublika qəzeti, 18may, 2012-ci il). Ə.Zeynalov sonra bu əsəri ingilis dilində ABŞ-da nəşr etdirməklə (2016) nə qədər vətənpərvər bir insan olduğunu yenidən göstərdi. Əsərin əvvəlində B.Starkovun və R.İvanovun məqalələri öz əksini tapmışdır. Çox çəkmədi ki, bu kitabın davamı və genişləndirilmiş forması olan “İrəvan xanlığı…gərçkliyin aydınlığı” (655 s.) əsəri eyni ildə (2016) həm Bakıda, həm də ABŞ-da işıq üzü gördü. Bu əsərlə bağlı yan keçə bilmədiyim bir məqamı da vurğulamaq istəyirəm.Beynəlxalq aləmdə öz yalan və iftiraları ilə “yazıq erməni millətinin” diasporası professor Ə.Zeynalovun onların öz mənbələrinə söykənən fakt və sübutlarının qarşısında bir daha sözün əsl mənasında yazıqlaşaraq cavab verməkdə  çətinlik çəkir, söz deməkdə acizliklərini nümayiş etdirirlər.

Professor Əsgər Zeynalov iki dəfə (2014, 2017) Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvliyinə namizəd olmuşdur.

Ədəbiyyatşünas alimin “Hara gedir bu qatar?” əsərini Azərbaycan publisistikasının ən yaxşı nümunələrindən biri hesab etmək olar.

Ə.Zeynalovun beynəlxalq konfrans, qurultay və tədbirlərdəki iştirak və çıxışlarını ayrıca qeyd etmək lazım gəlir. O, 2000-ci ildə AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş konfransda əsas məruzəçilərdən biri olmuş, 2001-ci ildə İrəvanda YUNESKO-nun xətti ilə keçirilən “Cənubi Qafqazda təhsil problemi” Beynəlxalq konfransın iştirakçısı, 2005-ci ildə Bakıda keçirilən konfransın bölmə sədri, 2007-ci ildə Almaniyanın Köln şəhərində keçirilən Dünya Azərbaycanlılarının Konqresinin IX qurultayında nümayəndə kimi iştirak etmiş, 2007,  2014,  2015-ci illərdə Fransada təkmilləşmədə olmuş, bir sıra tədbirlərdə çıxışlar etmiş, 2009-cu ildə Türkiyənin Qazi Universitetində keçirilən konfransda bölmə sədri olmuş və geniş məruzə ilə çıxış etmişdir. Ə.Zeynalovun yaradıcılığını bir sıra Azərbaycan alimləri ilə yanaşı dünya şöhrətli rus və fransız alimləri B. Starkov, R.İvanov, Jan Bakke Qrammon, Arno Laster yüksək qiymətləndirmişlər.

Bosniya və Hersoqovinalı alim, akademik Enes Kariç öz vətənində 2017-ci il iyul ayının 1-də “Preporod” qəzetində nəşr etdirdiyi “Viktor Hüqo Mədəmməd peyğəmbər haqqında” adlı məqaləsində bir neçə dəfə azərbaycanlı alimin yaradıcılığına istinad etmişdir. O, fikirlərini söyləyərkən Əsgər Zeynalovun Londonda nəşr olunmuş “Hüqonun Şərq baxışı” əsərinə söykənmişdir.

Ə.Zeynalov dissertantlara elmi rəhbərlik etməklə yanaşı, neçə-neçə dissertant-doktoranta opponent olmuşdur. Bir daha qeyd etmək lazım gəlir ki, Ə.Zeynalovun həm əsərləri xarici ölkələrdə nəşr olunur, həm özü xaricdə məruzə və çıxışlar edir, həm də əcnəbi alimlər onun yaradıcılığı haqqında öz ölkələrində məqalələr yazaraq onu yüksək səviyyədə dəyərləndirirlər. Bu tək-tək tədqiqatçılara nəsib olan bir qismətdir. Ə.Zeynalovun əsərlərindən istifadə etməklə və özünün birbaşa iştirakı ilə “Uluxanlı-125”, “İrəvan və irəvanlılar”, “Torpağımız, taleyimiz, tariximiz”, “Mustafa Topçubaşov”, “Bir şair ömrü” (Əhməd Cəmil haqqında) sənədli filmləri ərsəyə gəlmişdir.

Bir sıra çıxışları, o cümlədən “Azərbaycan bayatıları erməni qaynaqlarında”,  “Musiqimizin təsir dairəsi” Azərbaycan radiosunun qızıl fonduna daxil olmuşdur.

Zəhmətkeş tədqiqatçı, beynəlxalq aləmdə böyük nüfuz  qazanmış alim, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalova möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Eldar Vəliyev

Professor

Xarkov

SHARE