ADU-nun müəlliminin dərs vəsaiti çap olunub

99

Azərbaycan Dillər Universitetinin (ADU)  Təhsil fakültəsinin nəzdində Psixologiya kafedrasının müəllimi Mətanət Həsənovanın “Psixologiya” (sxemlər əsasında) adlı dərs vəsaiti çap olunub. Dərs vəsaitinə psixologiya üzrə fəlsəfə doktoru, dosent Akif Quliyev, psixologiya üzrə fəlsəfə doktoru Nurəngiz Rizayeva tərəfindən müsbət rəy verilib. Dərs vəsaitinin elmi redaktoru psixologiya elmləri doktoru, professor Ramiz Əliyevdir.

Ali məktəblərdə tədrisin təşkili, təlim prosesinin səmərəli qurulması, müasir təlim metod və texnologiyalarının tətbiqi, idarəetmə və qiymətləndirmə kimi müxtəlif pedaqoji mahiyyətli işlərin uğurlu nəzərə alınması üçün metodiki vəsaitlərin olması zəruridir. Ali məktəbdə mütəxəssis hazırlığında tədris olunan fənnin dərs vəsatinin olması təlimdə daha səmərəli nəticələr verir.  Bu məqsədlə Mətanət Həsənovanın yazdığı “Psixologiya” (sxemlər əsasında) adlı dərs vəsaiti böyük əhəmiyyətə malikdir. Müasir dövrün tələblərini özündə ehtiva edən dərs vəsaitində mətnlər sxem və cədvəllər əsasında əhatəli tərtib olunub.

Müəllif ümumi, yaş və pedaqoji psixologiya üzrə nəzəri materialları sxem şəklində tərtib edib. Belə ki, müəllif psixologiyanın predmeti, tədqiqat metodları, sahələri, məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib. Fəaliyyət, ünsiyyət, şəxsiyyət və qrup mövzularını sistem halına salıb. Daha sonra ayrı-ayrılıqda idrak prosesləri, onların fizioloji əsası, növləri və tipləri ətraflı şəkildə sxemlərdə əks etdirilib, şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri, emosional-iradi sferası hərtərəfli şəkildə sxemləşdirilib.

Yaş psixologiyasına aid bölmədə yaş psixologiyasının predmeti, tədqiqat metodları, məqsəd və vəzifələri ilə yanaşı psixi inkişafın ayrı-ayrı yaş dövrlərinin psixoloji xüsusiyyəti, aparıcı fəaliyyət növünə geniş yer ayrılıb. Pedaqoji psixologiya bölməsində müəllif təlim, tərbiyə, müəllim şəxsiyyətinin psixologiyasının mühüm məsələlərinə müraciət olunub. Müəllif müasir cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən tərbiyə, özünütərbiyə, cinsi tərbiyə, onların təlim prosesində nəzərə alınması məsələlərinə geniş yer verib. Pedaqoji psixologiyanın bölmələrindən olan müəllim şəxsiyyətinin psixologiyasını ətraflı açıb, müəllimin funksiyaları, bacarıq və vərdişləri, ünsiyyət üslubları, təlimdə qiymətləndirmə kimi mühüm məsələləri sistem halına salıb.

Dərs vəsaitində hər bir mövzunun sxemi ilə bərabər tələbələrə verə biləcəyi imkanlar da qeyd olunub. Mətanət Həsənova mövzular haqqında qısa xülasələr verib. Mövzular haqqında qısa xülasənin verilməsi tələbələrin maraq dairəsinin artmasına və elmi potensialının genişlənməsinə kömək edəcəkdir.

Dərs vəsaitini müəllifin pedaqoji fəaliyyətinin, gərgin əməyinin nəticəsi kimi qiymətləndirmək olar.

Müasir dövrdə təlimdə texniki vasitələrdən istifadəni nəzərə alaraq müəllif dərs vəsaitinin elektron variantını disk formasında vəsaitə əlavə edib.

Nəzəri materialların sxemlərlə verilməsi çox maraqlı təcrübədir. Təlim materialının bu şəkildə hazırlanması onun daha asanlıqla mənimsənilməsi üçün uğurlu üsuldur. Dərs vəsaitindən Psixologiya fənninin tədrisində illustrativ material kimi istifadə etmək olar.

SHARE