ADU-da Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib

182

İyunun 25-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib. Universitetin Müəllim Həmkarlar Komitəsinin sədri Misgər Məmmədov tədbirdə çıxış edərək Azərbaycan Milli Ordusunun tarixindən söz açıb. O,  bildirib ki, ordumuzun tarixi əslində müstəqilliyimizin və suverenliyimizin tarixidir. Qeyd olunub ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan Silahlı Qüvvələri quruculuğunda da yeni mərhələnin başlanğıcı oldu. Ulu öndər həmçinin Azərbaycan Silahlı Qüvvələri təhsil sisteminin banisidir:

“Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu”.

Məruzəçilər Namiq Kərimov  AXC dövründə ordu quruculuğundan, Regionşünaslıq kafedrasının əməkdaşı Elşən Məmmədov Azərbaycan Ermənistan ordularının müqayisəli şəkildə təhlilindən, Ramin Quliyev Səməd bəy Mehmandarovun ordu quruculuğundakı rolundan danışıb.

Professor Əsgər Zeynalov Azərbaycan ordusunun tarixindən bəhs edərək bildirib ki, bu gün ölkəmiz hərbi potensialını daha da gücləndirmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə doğru inamla irəliləyir.

Tədbir tələbə və müəllimlərin sualları ilə başa çatıb.

SHARE