Oxu, oxu mədəniyyəti

480

Son dövrdə dünyanın tez-tez gündəmə gələn mövzularından biri olan oxu mədəniyyətinin inkişaf etdirilməsi və yayılmasında çox əhəmiyyətli bir addım atılır.

Çox qürurverici haldır ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla I kurs tələbələri ilə görüşdə (21 senytabr 2018) maraqlı təşəbbüslə çıxış etdi. Çıxışda rektor bildirdi ki, tələbələrin mağazalardan aldıqları bədii kitabların pulu universitet tərəfindən ödəniləcək. Hazırda bu təşəbbüs uğurla həyata keçirilir.

ADU-nun hörmətli rektoru bu təşəbbüsü ilə həmişəki kimi gələcək cəmiyyətin aparıcı qüvvələri olan yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasının qayğısına qalaraq, tələbələrin şəxsi kitabxanalarının zənginləşməsində xüsusi rolu olduğunu bilərək bu təşəbbüslə uzaqgörən ziyalı kimi yenə də ilk addımı atdı. Qısa bir müddətdə bu çırağın işığına toplaşan universitetin Tələbə Elmi Cəmiyyətinin könüllü təşkilatçıları “Bir kitabın incisi” layihəsi ilə tələbələrin kitabxanamızda təşkil etdikləri kitab rəflərinə özləri tərəfindən müxtəlif ədəbi janrlara aid kitabları  toplayır və həvəskar oxucular arasında geniş şəkildə yayırlar. Universitetin kitabxanasında tez-tez “Mən oxudum, sən oxu” mövzusunda müzakirə saatları keçirirlər.

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “Oxu günü” tədbirinin keçirilməsi haqqında imzaladığı əmrə əsasən, hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil müəssisələrinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilməsi nəzərdə tutulmuşdur. Bu işdə də universitetimiz fəal şəkildə iştirak edir.

Əmrdə həmçinin, aprel ayında anadan olmuş Azərbaycanın klassik və müasir ədəbiyyat nümayəndələrinin (Əfzələddin Xaqani, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Nəriman Nərimanov, Mir Cəlal Paşayev)ADU kitabxanasında anım günlərinin keçirilməsi, onların həyat və yaradıcılığı haqqında tələbələrə zəruri məlumatların verilməsi ardıcıllıqla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar ADU-nun kitabxanası da daxil olmaqla fakültə və kafedralarda İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş toplantılar və onun əsərlərindən ibarət sərgi və “Poeziya günü” təşkil edilir.

Oxumaq  axtarmaq deməkdir. Oxumaqla, hər bir insan özünü tanıyır və müəyyən edir. Onun ehtiyaclarını ödəyən, zövqlərini formalaşdıran ideyalar tələbatı artır. Bu yöndə  tələb və seçim də dəyişə bilir ki, bu zaman oxu mühüm əhəmiyyət daşıyır. Ona görə də gənclərimizdə oxu vərdişlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.

Oxu insanın kitabla dialoqudur. Təbii ki, oxumaq mədəniyyəti, kitabın məzmununu dərindən anlamaq, özündə dəyərli olan hər şeyi kəşf etmək, kitabın elmi istinadlarından istifadə etmək, çıxarışlar və tədqiq edilmiş əsərlərin xülasələrini hazırlamaq qabiliyyəti də bu zaman xüsusi olaraq diqqətdə saxlanılır.

Onu da  qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə  “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrası da fəal həyata keçirilir.Respublikamızın şəhər və bölgələrində məktəblilərlə görüşündəlayihənin rəhbəri Samir Pənəliyev məktəbliləri onlar üçün yaradılmış əlverişli imkanlardan faydalanmağa səsləyib. “Yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliği zamanın tələbidir. Yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərimizin keşiyində dayana bilərlər”, – deyə məktəblilərlə görüşdə layihə rəhbəri qeyd edib. (Azedu.az, 22.01.2019)

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da oxu mədəniyyətini yaymağı qarşısına məqsəd qoyan, vətəndaş cəmiyyəti ölkəmizdə uşaqlar, valideynlər, müəllimlər, dövlət qurumları, kitabxanalar, nəşriyyat nümayəndələri bir araya gətirilərək və ictimaiyyətlə əlaqə quraraq fəaliyyətini davam etdirməli olan Oxu Mədəniyyətini Yayma Platformasının qurulması zəruridir. Bu oxu mədəniyyətini yaymaq üçün qardaş Türkiyədə də (Okuma Kültürünü Yaygınlaştırma Platformu) Yayıncılar Birliyi yaradılmışdır.

Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi Avropa Birliyi rəhbərliyi tərəfindən icra edilməkdə olan Əməkdaşlıq və Şəbəkə Qrant Proqramı çərçivəsində qrant almağa haqq qazanan Türkiyə Yayıncılar Birliyinin OKUYAY Platforması, oxuma mədəniyyətini dəstəkləməyə çalışan fəallara və könüllülərə dəstək verərək Türkiyə və Avropadakı yaxşı nümunələri Türkiyə Cümhuriyyətində yaymağı hədəfləyir.

Oxu mədəniyyətini yaymaq və inkşaf etdirmək  üçün Türkiyənin Oxu mədəniyyətini Yayma Platforması bizim üçün bu sahədə mühüm istinad mənbəyi olardı və onun təcrübəsindən yararlanaraq gənclərimizin hər birində oxu mədəniyyətini daha da artırmağa çalışmaqla uğurlu və əhəmiyyətli bir işi yerinə yetirmiş olardıq.

Cəmilə Əliyeva, ADU-nun kitabxanasının müdir müavini

SHARE