Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

261

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri dosent Mehriban  Hüseynova,  baş müəllimlər Təranə Zeynalova və Tahirə Bağırova, müəllim Günay Qarayevanın birgə təşkilatçılığı ilə Yasamal rayonu 53 saylı orta məktəbdə Aprel döyüşlərinə həsr olunmuş möhtəşəm tədbir keçirilib. Tədbirdə həmin məktəbdə pedaqoji təcrübədə olan ADU-nun 426b, 401a, 401b, 402b, 402a, 425b, 403a, 408a, 403b, 440 qrup tələbələrinin  şagirdlərlə hazırladıqları Aprel şəhidlərinə həsr olunmuş səhnəciklər göstərilib. Bu səhnəciklərdə döyüşlərdə vətən uğrunda canını fəda etmiş şəhidlərin həyat salnamələri canlandırılıb.

Tədbirdə çıxış edən Mehriban Hüseynova ölkə prezidenti İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını qeyd edib.  O, Ermənistanla atəşkəsin elan olunduğu illər ərzində ilk dəfə olaraq işğal altında olan torpaqlarımızın bir qisminin məhz Ali Baş Komandanın əmrlərini böyük qəhrəmanlıqla icra edən ordumuzun, xüsusilə aprel şəhidlərinin qəhrəmanlığı sayəsində düşməndən azad olunduğunu diqqətə çatdırıb: “Sizin övladlarınız aprel döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən dairələrin Azərbaycana qarşı istifadə etməyə çalışdığı “uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel şəhidləri ilə qürur duyur”.

M.Hüseynova dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinə olan qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışıb. Tədbirdə çıxış edən şəhidlərin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an vuruşmağa hazır olduqlarını qeyd ediblər.

Vətənpərvərlik tədbiri “Əmrinə hazırıq, cənab Ali Baş Komandan!” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

SHARE