ADU-nun tələbələri Heydər Əliyev Mərkəzində olublar

395

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin nəzdində Regionşünaslıq kafedrasının baş müəllimi Rəna Rəcəbli, kafedranın müəllimləri Sevinc Qurbanova, Günay Feyziyeva, Elşən Məcidov və Harun Sadıqlı, Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimləri Leyla Hacıyeva, Sevda Məhərrəmova, kafedranın dosenti Şəfəq Abdullayeva ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Beynəlxalq münasibətlər, İsrail və Yaxın Şərq, Cənubi Amerika, Amerika, Ərəb ölkələri və Çin ixtisası üzrə təhsil alan tələbələrin Heydər Əliyev Mərkəzindəki muzey və sərgilərdə iştirakını təşkil ediblər.

Öncə ulu öndər Heydər Əliyevin irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən mərkəzin ən cəlbedici və maraq doğuran bölümü olan Heydər Əliyev Muzeyi haqqında tələbələrə məlumat verilib. Tələbələr Heydər Əliyevin istifadə etdiyi maşınlara xüsusi maraq göstəriblər. Mərkəzin modern üslubda tərtibatı, muzeydə yeni texnologiyaların tətbiqi ilə elektron lövhələrin yerləşdirilməsi tələbələrin xüsusi diqqətinə səbəb olub.

Tələbələr Muzeydə Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini interaktiv şəkildə təhlil edib və fikir mübadiləsi aparıblar. Bundan əlavə tələbələr üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər unikal eksponatlarla, eləcə də Azərbaycan inciləri adlı bir neçə istiqamətli sərgidə miniatür sənəti, musiqi alətləri və məşhur memarlıq abidələrinin eksponatları ilə tanış olublar.

Tələbələrin xarici dil bilikləri onların xarici turistlərlə fikir mübadiləsi aparmağa imkan yaradıb. İsrail və Yaxın Şərq ixtisası üzrə təhsil alan 161-ci qrup tələbələri İsraildən gələn turistlərlə sərbəst şəkildə ünsiyyət qurublar. Turistlər azərbaycanlı tələbələrlə ibri dilində ünsiyyət qurduqları üçün məmnunluqlarını ifadə ediblər. Həmçinin turistlər Heydər Əliyev Mərkəzinin möhtəşəm olması barədə öz fikirlərini bildiriblər.

Heydər Əliyev Mərkəzində yerləşən Heydər Əliyev Muzeyində və sərgilərdə tələbələrin iştirakı onların əldə etdikləri xoş təəssüratlar və dəyərli məlumatlarla- dünyagörüşünün formalaşması və vətənpərvərlik hissinin daha da möhkəmlənməsi,  Azərbaycanın keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkə olması, milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə bağlılıq hissi, Azərbaycanın dünyada ümummilli lider Heydər Əliyevlə tanınması faktı və s. ilə nəticələnib.

Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir. Bu səbəbdən də Azərbaycan gəncliyinin bu mərkəzlə tanışlığı vacib məsələlərdən biri  hesab edilməlidir.

SHARE