ADU-da “Heydər Əliyev milli-siyasi elitamızın zirvəsi” kitabının müzakirəsi keçirilib

291

Azərbaycan Dillər Universitetində (ADU) professor Vaqif Abdullayevin “Heydər Əliyev milli-siyasi elitamızın zirvəsi” kitabının müzakirəsi keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Vaqif Abdullayevin adının geniş ictimaiyyətə yaxşı bəlli olduğunu bildirib: “Vaqif Abdullayev ulu öndərin həyatı, siyasi fəaliyyəti ilə, bu siyasi fəaliyyətin təhlili ilə Azərbaycanda və xaricdə ciddi şəkildə məşğul olur. İnanıram ki, bizim tələbə və müəllimlərimiz üçün bu kitab maraqlı olacaq. Vaqif Abdullayev kimi peşəkar siyasətçi, analitiklə daha yaxından tanış olmaq fürsəti hər kəs üçün maraqlı olacaq”.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı, millətin mənsubiyyəti uğrunda möhtəşəm işlər gördüyünü deyib: “Heydər Əliyev haqqında yazmaq, əlbəttə ki, böyük məsuliyyət tələb edir. Biz fəxr edirik ki, Heydər Əliyevin zamanında yaşamışıq. Azərbaycan xalqı nə qədər ki olacaq, Heydər Əliyev də o qədər yaşayacaq”.

V.Abdullayev elm ocağında kitabın müzakirəsi üçün yaradılan şəraitə görə unviersitet rəhbərliyinə təşəkkürünü bildirib.

Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov, Beynəlxalq münasibətlər kafedrasının dosenti Namiq Əsədov, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva, Regionşünaslıq kafedrasının müəllimi Fidan Ələsgərova, Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin 154-cü qrup tələbəsi Əhməd Alıyev kitabın içərisindəki mövzularla bağlı təhlillər aparıblar. Heydər Əliyevin siyasi fəaliyyəti haqqında kitabda qeyd olunan məqamlarla bağlı fikirlərini bildiriblər. Kitabın əhəmiyyətindən danışan çıxışçılar bildiriblər ki, kitabda Azərbaycan reallıqları kifayət qədər bitkin, geniş və dərin şəkildə izah olunur.

Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva kitabda toxunulan mövzuların qısa təhlilini, nəzəri tərəflərini açıqlayıb. O, kitabı böyük fəxarət hissi ilə oxuduğunu, kitabın oxucular üçün faydalı olduğunu söyləyib.

Kitab ADU-nun Heydər Əliyev Muzey Lektoriyasına hədiyyə olunub.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin bu kitabında Azərbaycan milli elitasının formalaşma tarixi, bu fasiləsiz prosesin son 40 ilində Heydər Əliyevin müstəsna xidmətləri sosioloji və politoloji rakursdan işıqlandırılır. Vaqif Abdullayev göstərir ki, milli-siyasi elitamız həm çarizm və onun sonluğunda doğulan ilk müstəqil respublika, həm də sovet dönəmində, özəlliklə Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə epoxaların ekstremallığına baxmayaraq, millətin varlığını qoruması və inamla gələcəyə addımlamasında üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirmiş, milli inkişafı təmin etməyi bacarıb. Müstəqilliyin bərpasından sonra elitanın formalaşma prosesi Yeni Azərbaycan Partiyasının bazasında yeni məzmun kəsb edib. Kitab “Azərbaycan Xalq Cümhuriyyəti: ilk və kövrək addımlar”, “14 iyul 1969-cu il-milli-siyasi intibahın başlanğıcı”, “Heydər Əliyevin idarəçilik üslubu milli-siyasi konsepsiya kimi”, “İlham Əliyev-yeni yüzilliyin yeni lideri”, “Mehriban Əliyeva-milli-siyasi elitamızın qadın obrazı”,”Yeni Azərbaycan Partiyası-cəmiyyətimizin siyasi avanqardı” mövzuları olmaqla, 6 fəsildən ibarətdir. Nəşriyyat redaktoru Aida Quliyeva, bədii və texniki redaktoru Abdulla Ələkbərova olan kitab “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsinin mətbəəsində çap olunub.

Professor Vaqif Abdullayevin bundan öncə nəşr edilmiş “Millət ideyası: siyasi aspekt” (1998), Prezident İlham Əliyev haqqında 1999-cu ildə yazdığı “O, böyük siyasətə hazırdır” kitabı ingilis, latış, Ukrayna və gürcü dillərinə tərcümə olunub, “Azərbaycan yeni diplomatiya məkanında” (2000) , “Müstəqilliyimizin strategiyası” (2003), “Sülh və sabitlik Prezidenti” (2005), “Planetar təfəkkürlü lider” (2007) kimi əsərləri “Heydər Əliyev milli-siyasi elitamızın zirvəsi” mövzusuna keçid rolu oynayıb.

V.Abdullayev YAP Siyasi Şurasının üzvüdür. II çağırış Milli Məclisin deputatı olub, Xızı və Beyləqan RİH-nin başçısı vəzifəsində çalışıb.

SHARE