Xocalı həqiqətləri Çin vətəndaşlarının gözü ilə

232

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib. Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası təqdirəlayiqdir. R.Abbasov diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir. O, dünyada qanlı Xocalı hadisələri barədə həqiqətlərin yayılmasının, faciənin soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıb.

Çinşünasliq ixtisası üzrə təhsil alan tələbələr Çin dilində Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd ediblər.

Xatırladılıb ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində dinc əhaliyə amansızcasına divan tutub, nəticədə 63 uşaq, 106 qadın, 70 nəfər qoca qəddarlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Bu dəhşətli hadisələr Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olub.

Tədbirdə Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər nümayiş olunub.

SHARE