ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

508

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsi və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə Xocalı soyqırıma həsr olunmuş silsilə tədbirlər keçirilib.

ADU-nun rektoru akademik Kamal Abdulla Xocalı soyqırımının əbədi olaraq yaddaşımızda qalacağını deyib: “Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Xocalı hər gün bizimlədir. Əslində, Xocalı böyük “SOS” işarəsidir. “Faşizm bu gün nədir?”, “Qaniçənlik bu gün nədir?”, “Vəhşilik bu gün nədir?” sualına cavab axtarmaq istəyən dünya bu gün Xocalı hadisəsi ilə buna qiymət verə bilər. Artıq qiymət verir. Çünki Ulu öndərin birbaşa təşəbbüsü, səyi, təklifi, israrlı fəaliyyəti ilə bu gün bu hadisələrə siyasi qiymət verildi. O zamanki Azərbaycanın fərsiz hakimiyyəti və ondan da fərsiz müxalifətinin görə bilmədiklərini və insanları vəhşiliklə üz-üzə qoyub, qaçıb gizlənməkləri siyasi oyunlardan xəbər verirdi. Amma bədəlini adi insanlar, qocalar, qadınlar, uşaqlar ödədilər. Bu gün dünya Azərbaycan həqiqətlərinə daha çox inanır. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin fəaliyyəti bizə inam verir ki, Xocalı kimi hadisələrin, Azərbaycan-erməni münasibətlərinin qarşıdurmasının nəticəsi haqqın, ədalətin xeyrinə olacaq. “Xocalıya ədalət” layihəsi ilə Azərbaycan dünya ölkələrinin qarşısına çıxır. Biz Xocalının intiqamını alacağıq. Kimimiz hərb meydanında, kimimiz tələbə kimi auditoriyada, müəllim kimi iş otağında, fəhlə kimi dəzgahının arxasında, həkim kimi xəstəxanada. Öz işimizdəki peşəkarlığımızı artırmaqla Xocalının intiqamı alınacaq. Həm intellektual, həm bilik, dünyagörüşü nöqteyi-nəzərdən biz ermənilərdən üstün olduğumuzu sübut edəcəyik. Biz bu gün yalnız öz ömrümüzü yaşamırıq, Xocalıda vəhşicəsinə qətlə yetirilmiş insanların da ömrünü yaşamağa məcburuq. Azərbaycan bir daha belə bəlaya heç vaxt düşməyəcək, çünki Azərbaycan xalqı, milləti var, Prezidenti var”.

ADU tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş video-çarx nümayiş olunub.

Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə keçirilən “Xocalı əsrin faciəsi” adlı tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti Emil Qasımov “Xocalı qırğını Azərbaycan tarixində faciə kimi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcidov “Xocalı soyqırımının siyasi təhlili və politoloji aspektləri”, Qafqazşünaslıq kafedrasının müəllimi Ramin Quluyev “Xocalı faciəsi şahidlərin yaddaşında” mövzusunda çıxış ediblər, Xocalı Hava Limanı xətt polis bölməsinin döyüşçüsü Nazim Hacıyev isə şahidi olduğu hadisələri danışıb.

Tərcümə və Mədəniyyətşünaslıq fakültəsinin təşkilatçılığı ilə “Xocalı şahidlərin gözü ilə” adlı tədbirdə millət vəkili Sədaqət Vəliyeva, 1992-ci ilin may ayında Şuşada, 1993-cü ilin oktyabr ayında Naxçıvanda gedən döyüşlərin iştirakçısı, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Faiq Kərimov, Xocalı sakini, şəhid ailəsi German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev, 1992-93-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı, Psixologiya kafedrasının dosenti Əzim Əliyev Xocalı soyqırımı, dinc əhaliyə törədilən amansızlıqlar haqqında fikirlərini bölüşüblər. Xocalı sakini, 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva isə əsirlikdə olduğu müddətdəki acı xatirələrindən söz açıb.

SHARE