Əsgər Zeynalov Parisdə Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib

456

Azərbaycan Dillər Universitetinin (ADU) Qafqazşünaslıq kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov bu günlərdə Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib.

664 nömrəli vəsiqə həmyerlimizə verilib. Professor Əsgər Zeynalov beynəlxalq aləmdə Hüqonun mütəxəssisi kimi yaxşı tanınır. Fransanın ən nüfuzlu mətbuat orqanlarında, eləcə də Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində azərbaycanlı alim və onun Azərbaycan, Fransa, ABŞ, Almaniya, İsveçdə fransız ədibi haqqında dərc etdirdiyi monoqrafiyalarla bağlı müxtəlif illərdə yazılar dərc olunub.

Biz professor Əsgər Zeynalovu təbrik edir və yeni yaradıcılıq uğurları arzulayırıq.

Qeyd edək ki, Əsgər Məmməd oğlu Zeynalov 1951 ci il sentyabr ayının 27-də İrəvan şəhəri yaxınlığındakı Zəngibasar rayonunun Yuxarı Necili kəndində fəhlə ailəsində anadan olub. 1969-cu ildə Zəngibasar rayonunun orta məktəbini,1974 cü ildə Azərbaycan Dövlət Pedaqoji  Xarici Dillər İnstitutunun fransız dili fakültəsini bitirib. Ağdərə rayonunun Manikli və Xatınbəyli kənd məktəblərində, Zəngibasar rayonunun Yuxarı Necili və Dəmirçi kənd orta məktəblərində fransız dili müəllimi kimi fəaliyyət göstərib (1974-1988). 1976-1977 ci illərdə Ulan Ude şəhərində hərbi xidmətdə olub. 1988-ci ildə Qarabağ hadisələri ilə əlaqədar olaraq  öz doğma yurdunu tərk edib. 1989-cu ildən Azərbaycan Dillər Universitetinin Praktik fransız dili kafedrasında laborant, baş laborant, baş müəllim, dosent, elmləri doktoru, professor, kafedra müdiri (1998-2012) vəzifələrində çalışıb. 2004-2017-ci illərdə ADU-nun Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərib. 2017-ci ildən ADU-nun Qafqazşünaslıq kafedrasının müdiridir. 40-a yaxın kitabın və 400-dən artıq  elmi-publisistik məqalənin müəllifidir. 1991-ci ildə prof. M.Seyidov və prof. T.Əhmədovun rəhbərliyi altında “Azərbaycan bayatıları Qafqaz regionunda” mövzusunda namizədlik, 2003-cü ildə isə “Fransız ədəbiyyatında Şərq mövzuları” (Volterin yaradıcılığı üzrə) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2005-ci ildən isə professordur. Azərbaycan ədəbiyyatşünaslığında Volter və Hüqo haqqında ilk monoqrafiyalar onun qələminə məxsusdur. 10-dan  artıq  kitabı rus, ingilis və fransız dillərinə tərcümə olunub, xarici ölkələrdə işıq üzü görüb. ”İrəvan ziyalıları” kitabı 2011-ci ildə Sankt-Peterburqda, 2013-cü ildə Moskvada nəşr olunub.

”Hüqo-fransız ədəbiyyatının milyarderi” monoqrafiyası 2015-ci ildə Fransada fransız dilində, 2016-cı ildə Almaniyada ingilis dilində, “Hüqo” (2016) və “İrəvan ziyalıları” (2016) kitabları ABŞ-da, “Hüqonun Şərq baxışı” İngiltərənin Paytaxtı Londonda, “Volter və Hüqonun Şərq baxışı” (2016) Kanadada ingilis dilində, “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” kitabı (2016) ABŞ-da Azərbaycan dilində, “Şərq Volter yaradıcılığında” (2017) monoqrafiyası Hindistanda, “Volter və Hüqonun Şərq dünyası” (2018) kitabı isə İsveçdə çap edilib.

10-a qədər məqaləsi  İranda, Türkiyədə və Rusiyada nəşr olunub. Bir sıra Azərbaycan alimləri ilə yanaşı dünya şöhrətli rus və fransız alimləri Boris Starkov, Rudolf İvanov, Jan Lui Bakke Qrammon, Arno Laster azərbaycanlı alimin yaradıcılığını yüksək qiymətləndiriblər. Ümumiyyətlə, Rusiya, Fransa, Türkiyə alimləri onun əsərlərini dəyərləndirib, Bakı, İrəvan, Almaniya, Fransa və Türkiyədə keçirilən beynəlxalq konfranslarda iştirak edib, bölmə sədri olub və dəfələrlə Fransada (“L ̕EST  Républicain”  qəzeti, 2007, 11 avqust; 2014, 24 iyul və Parisdə fəaliyyət göstərən “Viktor Hüqonun Dostları Cəmiyyətinin məcmuəsində 2013, 2015, 2016,2019 cu illərdə)  haqqında yazılar dərc edilib. Onun rəhbərliyi altında iki dissertant müdafiə edib. Azərbaycan Jurnalistlər (1997) və Azərbaycan Yazıçılar  Birliyinin (1998) üzvüdür. 2012-ci ildə “İrəvan ziyalıları”  kitabının Sankt-Peterburq nəşri və 2014-cü ildə “Hüqo” monoqrafiyası, “İrəvan ziyalıları” və “İrəvan xanlığı… gerçəkliyin aydınlığı” kitabları 2016-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edilib.

2014 və 2017 -ci illərdə AMEA-nın müxbir üvzlüyünə namizəd olub.  2017-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü, 2018-ci ildə isə Özbəkistanın Turan Akademiyasının akademiki, 2019-cu ildə isə Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü seçilib. Onun şəxsi iştirakı və ya əsərlərindən istifadə əsasında “Uluxanlı-125”, “İrəvan və irəvanlılar”, “Tariximiz, torpağımız, taleyimiz”, “Mustafa Topçubaşov”, “Bir şair ömrü” (Əhməd Cəmil haqqında) sənədli filmləri ərsəyə gəlib.

SHARE