Hindistanlı professor: “Azərbaycan Dillər Universiteti olduqca nüfuzlu təhsil ocağıdır” – Müsahibə

563

Azərbaycan Dillər Universitetinin Hindistandan olan professoru Rupali Sinhanın müsahibəsini təqdim edirik. Onunla tələbə Ramilə Yusifova söhbətləşib.

– Maraqlıdır, bizim universitet, tələbələrimiz haqqında təəssüratlarınız necədir?

– Azərbaycan Dillər Universiteti olduqca nüfuzlu təhsil ocağıdır. Tələbələr, müəllimlər və digər işçilər çox yaxşı, kübar və faydalıdırlar. Tələbələr çox şəfqətlidirlər. Lakin düşünürəm ki, onların tədqiqatlara daha çox diqqət yetirməsi lazımdır. Magistrlər kimi onlar da daha dərin bilik əldə etməyə çox meyilli ola bilərlər.

– Doğma vətəninizdən  uzaq bir yerdə çalışmaq sizin üçün çətin deyilmi?

– Xeyr, mənim üçün həm universitetə, həm də şəhərin özünə uyğunlaşmaq çox asan oldu. Sizin insanlar çox mehriban və yardımsevərdirlər.

– Azərbaycan və hind mədəniyyəti, adətləri arasında oxşarlıq var?

– Mədəniyyətlərimiz əsasında çoxsaylı oxşarlıqlar mövcuddur. Hər iki mədəniyyətdə olduğu kimi qonaqpərvərlik çox önəmlidir. Biz həmçinin müəllimlər gününü, Novruz və Ramazan bayramlarını qeyd edirik.

– Ümumi olaraq Azərbaycan haqqında təəssüratlarınız necədir?

– Bakı çox sakit və gözəl şəhərdir. Tarixi və mədəni cəhətdən çox zəngindir. Mən hələ də şəhərlərdə yeni yerlər araşdırıram. Quba, Qəbələ, Yanardağ kimi gözəl və böyük yerləri gəzmişəm.

– Peşənizi sevirsinizmi?

– Əlbəttə, peşəmi çox sevirəm. İkinci  seçim haqqım olsaydı yenidən bu peşəni seçərdim. Bu peşənin sahibi olmaq mənim arzum idi.

– Son olaraq, tələbələrə arzularınız və məsləhətləriniz nədir?

– Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar indi olduğu kimi gələcəkdə də belə duyğulu qalacaqlar.

SHARE