ADU-da Çinin siyasi tarixinə dair seminar keçirilib

376

Azərbaycan Dillər Universitetində nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Çinin XX əsr siyasi tarixi” seriyasından  “Nankin onillik” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə seminar iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətləri, onun unikal diplomatik istedadı haqqında danışıb, Heydər Əliyevin müstəqil Azərbaycanın xarici siyasətinin formalaşmasında, Azərbaycan-Çin münasibətlərinin yaranması və inkişafında rolunu xüsusi vurğulayıb.

O, Ulu öndər Heydər Əliyevin ÇXR-ə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan tarixi səfəri haqqında ətraflı məlumat verib. R.Abbasov Azərbaycanın Çinin qlobal əhəmiyyət daşıyan və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına yönəlmiş “İpək Yolu iqtisadi kəməri” layihəsinin həyata keçirilməsində aktiv iştirakı, 1998-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş “TRASEKA – tarixi İpək Yolunun bərpa olunması” beynəlxalq konfransı haqqında danışıb. Rafiq Abbasov Çin xalqının 1937-1945-ci illərdə müstəqillik uğrunda milli azadlıq mübarizəsi, həmçinin  İkinci Dünya müharibəsində Çinin hərbi-strateji əhəmiyyəti barədə danışıb. Seminarda çıxış edən ADU-nun müəllim və tələbələri XX əsrdə Çində baş verən əsas siyasi hadisələr, Çin xalqının vahid müstəqil Çin uğrunda mübarizəsi, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar. Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr və siyasət şöbəsinin rəhbəri Zheng Haynin də iştirak edib.

SHARE