İsrail səfirinin müşaviri Dillər Universitetində mühazirə oxuyub

628

Azərbaycan Dillər Universitetinin (ADU) Ulu Öndər Heydər Əliyev lektoriyasında İsrailin Azərbaycandakı Səfirinin birinci müşaviri Avital Rozenberq “İsrail multikultural cəmiyyətində milli azlıqlara münasibət” mövzusunda mühazirə oxuyub. Mühazirədə İsrailşünaslıq ixtisasında təhsil alan tələbələrlə yanaşı, müəllim heyəti də iştirak edib. Multikulturalizmin İsrail üçün əhəmiyyətindən danışan və ümumi milli azlıqlar haqqında məlumat verən Avital Rozenberq İsraildə yaşayan milli azlıqlar, onların həyat tərzi, onlara qarşı münasibət barəsində danışıb. İsraildə yəhudilər ilə yanaşı, ərəblər, druzlar, bahailər, əhmədilər, çərkəzlər, bədəvilər, samaritlərin yaşadığını vurğulayan Avital Rozenberq onların burada sülh şəraitində yaşadığını qeyd edib. O, eyni zamanda İsrailin siyasi və mədəni həyatında qadınların rolunu xüsusi vurğulayıb. Bu istiqamətdə 1969-1974-cü illərdə Golda Meirin, 2009-cu ildə kimya sahəsində Nobel Sülh mükafatı laureatına layiq görülən Ada Yonathın, müğənni və bəstəkar Ester Radanın, 1992-ci ildə ilk İsrail Olimpiada medalisti Yael Aradın və başqa bu kimi qadınların adlarını xüsusi qeyd edib. Bununla yanaşı, o, qeyd edib ki, İsraildə doğulan və yaşayan yəhudiləri “Sabra” adlandırırlar: ““Sabra” sözünün ibri dilindən tərcüməsi isə kaktus deməkdir. Yəni, yəhudilər xaricdən nə qədər kaktus kimi tikanlı olsalar da, daxilən yumşaq və şirindirlər”. O, İsraildə yaşayan bütün milli azlıqlara qarşı yəhudilərin tolerant münasibət göstərdiyini qeyd edib. Sonda isə Avital Rozenberq tələbələrin suallarını cavablandırıb.

SHARE