“ADU tələbələri fərqlənməyi hər zaman bacarıblar” – xeyriyyə tədbirinin təəssüratı

1501

“Təhsil üçün xeyriyyə” layihəmizi çoxdan həyata keçirmək istəyirdik. Əsas məqsədimiz imkanı aşağı olan tələbələrimizin maddi vəziyyətlərini cüzi də olsa yaxşılaşdırılmasıdır. Bu xeyriyyə işində bir az da olsa payımızın olmasını istədik. Bir layihənin həyata keçirilməsi heç də asan bir iş deyil”.

Bu haqda Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Rəşid Tağıyev danışıb. O, bildirib ki, layihənin üzərində yaxşı işləmək və ona vaxt sərf etmək lazım idi:

“Əlbəttə, nəticə də bundan asılıdır. Bu tədbiri həyata keçirməyimizi asanlaşdıran əsas prinsiplərdən biri də əvvəlcədən az da olsa təcrübəmizin olmasıdır. İlk öncə “instagram” səhifələrimiz olan @adu_etiraf_etitaz_eylence və @azerbaycan.diller.universiteti səhifələrimizdə xeyriyyə tədbiri həyata keçirmək istədiyimiz haqqında post paylaşdıq. Ümidsizliyə qapılmağımıza baxmayaraq, sonradan həmin tələbələri necə də sevindirəcəyimizi xəyal edərək, işimizi həvəslə həyata keçirmək qərarına gəldik. Bu, bizə stimul verirdi. Bu ümidsizliklərimizdən biri tədbirin keçirildiyi 8 noyabr günü idi. Həmin gün səhər hava çox pis idi. Ümidsizlik bizi ruh düşkünlüyünə düçar edirdi. Buna baxmayaraq, sadəcə həmin o ehtiyacı olan tələbələrimiz üçün çalışdığımızı göz önünə gətirərək özümüzdə inam yaratmaq qərarına gəldik”.

Tələbə Rəşid Tağıyev əlavə edib ki, tədbiri təşkil etməzdən əvvəl dekanlıqlara, kafedralara və şöbələrə tədbirin mahiyyəti haqqında məlumat vermişdi: “Onlar da öz növbəsində əllərindən gələn hər bir dəstəyi bizdən əsirgəmədilər. Şükürlər olsun ki, düşündüyümüz nəticəni əldə edə bildik. ADU tələbələri fərqlənməyi hər zaman bacarıblar. Onlar da bu işə biganə yanaşmayaraq öz köməkliyini əsirgəmədi. İstər xeyriyyə yarmarkasında alış zamanı, istərsə də satış zamanı. Onların və universitet rəhbərliyinin dəstəyi nəticəsində müəyyən qədər maddi vəsait toplanıldı. Həmin vəsait birbaşa həmin tələbələrin hesablarına köçürüləcək”.

SHARE