Alman dilinə həsr edilən yarışma keçirilib

585

Azərbaycan Dillər Universitetinin III binasının akt zalında Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin (ADB) Azərbaycandakı rəhbəri Gülənbər Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə Alman dili gününə həsr edilmiş dil yarışması keçirilib.

Yarışmaya digər universitetlərin tələbələri də qatılıblar. İştirakçılar klassik və müasir alman şairlərinin şeirlərini, müxtəlif mövzularda sərbəst yazdıqları mətnləri ifa ediblər. Tələbələrin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətinə Alman Dili Birliyinin Azərbaycanda rəhbəri, dosent Gülənbər Pirnəzərova, Alman Dili Müəllimləri Birliyinin sədri Lətifə Qurbanova, Alman Akademik Mübadilə Xidmətinin Azərbaycanda müəllimi Mara Liza, Avstriyanın Azərbaycanda nümayəndəsi Ştefani Matzer, Alman Akademik Mübadilə Xidmətinin dil assistenti Rusudan Abşilova daxildir.

Tədbir iştirakçılarını həvəsləndirmək məqsədilə münsiflər heyəti şəxsi kitabxanalarından ayırdıqları kitabları yarışanlara hədiyyə  ediblər. Yarış iştirakçılarına sertifikatlar da verilib. 1-ci yeri ADU-nun təhsil fakültəsinin 3-kurs tələbəsi Mirzəzadə Müşfiq, 2-ci yeri BSU-nun 3-cü kurs tələbəsi Süleymanova Maral, 3-cü yeri ADU-nun təhsil fakültəsinin 1-ci kurs tələbəsi Məmmədov Kamran tutub.

Dil yarışması tələbələrdə alman dilinə maraq oyatmaq məqsədilə keçirilir. Tədbir iştirakçıları növbəti yarışmalarda iştirak etmək arzusu və xoş təəssüratlarla ayrılıblar.

Qeyd edək ki, Alman Dili Birliyi 12 noyabr 1997-ci il Dortmundda yaradılıb. 2015-ci ilin statistik məlumatına əsasən dünyada 36 000 ADB üzvü var. Azərbaycanda ADB 2004-cü ildə yaradılıb, 400-dən çox üzvü qeydə alınıb. Alman dili günü ADB-nin təşəbbüsüdür. Hər il ADB alman dili gününü qeyd edir.

SHARE